Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2024 11:42
Son vaxtlar efirə çıxan sənət adamları həssaslıqları ilə müzakirələrə səbəb olur. Tamaşaçılar bəzən bu durumdan narazılıqlarını dilə gətirir, bildirirlər ki, əvvəllər məşhurlar insanlara sevinc bəxş edir, ifaları və səhnə bacarıqları ilə yadda qalırdılar. İndi isə gözyaşları və dərdləri ilə...
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, bildirib ki, sənət adamları da bəzən çətinliklərlə üzləşə, ağır günlərdən keçə bilirlər və bunu hər zaman gizlətmək mümkün deyil:
"Bir çox müdriklərin dəfələrlə təkrarladığı fikri hörmət etdiyim kinofilosof Çarli Çaplin vaxtilə dilə gətirib. Deyib ki, başqaların sevinc və gülüş bəxş edən təlxəklər, sənət adamları, aktyorlar, sənətkarlar öz içində ağlayırlar, tənhadırlar və böyük faciələri gizlədirlər. Keçmiş sovet dövründən bu yana bizim tamaşaçılar sanki saxtakarlığa öyrəşdirilib. Sənət adamları, ictimai elm və mədəniyyət xadimləri yalnız uğur hekayələrini danışmaqla, qazandıqları nailiyyətləri sadalamaqla, sevinc hislərini, xoş günlərini dilə gətirməklə tamaşaçıların qəlbini ələ almağa çalışıblar. Sovet dövrünün ideologiyası bundan ibarət idi ki, SSRİ-də kədər, qəm, mənfilik ola bilməz. Lakin illər keçdikcə dünyanın hər yerində sənət adamları mədəniyyət xadimi olmaqla yanaşı, həm də bir insan olaraq çıxış edirlər. Onlar da hamı kimi doğulub öldüklərini, böyük kədər və problemlər yaşadıqlarını dilə gətirirlər".
Onun sözlərinə görə, dünya təcrübəsində də məşhurların ağır günləri barədə publik etirafları son illər geniş yayılıb:
"Bu proses Azərbaycanda son vaxtlar başlayıb. Tanınmışlar artıq sənətdə qazandıqları nailiyyətlərlə yanaşı, həm də həyatlarındakı çətinliklər, problemlər barədə danışırlar. Hətta xarici ölkələrdəki bir çox tanınmış müğənnilər, sənət adamları, aktyorlar və aktrisalar rejissorlar yaxud ata-anaları, yaxın qohum-əqrəbaları tərəfindən zorlandığını, psixoloji və fiziki təzyiqə məruz qaldıqlarını dilə gətirirlər. Onların sayəsində başqalarının başına oxşar hadisələrin gəlməsinin qarşısını alacaq, çox böyük rezonans oyatmış sosial, mənəvi, psixoloji və ictimai, mədəni etirafları görmüş oluruq.
Belə nümunələri ölkəmizdə hələ ki az sayda müşahidə edirik. Çünki biz hər şeyi ört-bastır etməyi sevən, kədərimizi gizlətməyə, xəstələrimizi başqalarının gözündən yayındırmağa çalışan bir cəmiyyətik. Amma bizim toplum da dünyada gedən proseslərdən keçməlidir. Uşaqlıqda bullinqə məruz qalmağımız, qorxudulub, çəkindirilməyimiz, ailədə başımıza qapaz vurularaq "sən uşaqsan, sus, dinmə" deyilərək susdurulmağımız az olmayıb. Biz kənddən şəhərə, şəhərdən xarici ölkəyə getmək istədikdə, ata-analarımız "vay, getmə gözümdən, ölərəm" deyərək bizim bütün arzularımızı, tale və uğurlarımızı puç ediblər. Yəni elə şeylər var ki, həm tanınmışların, həm də sadə insanların başına gəlib. Bəzi tanınmışlar bunu sənət əsərinə çevirib və başqalarının dilində tamaşaçılara çatdırmaq istəyirlər. Elələri də var ki, bunu ömürlərinin sonuna qədər gizlədirlər".