Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2024 11:20
AFFA-nın milli komandada portuqaliyalı Fernandu Santuşun yerinə əsas namizədi türkiyəli tanınmış məşqçi Abdullah Avcıdır.
Sonxeber.net prosport.az-a istinadən xəbər verir ki, artıq bir dəfə "Neftçi"nin təklifini geri çevirmiş Avcı bu dəfə milli komandanın sükanı arxasına gətirilə bilər.
AFFA-nın "Beşiktaş" qolu "ağ-qaralar"ın 2019/20 mövsümündə baş məşqçisi olduğu 61 yaşlı çalışdırıcını milliyə gətirmək istəyir (xatırladaq ki, Fernandu Santuş da "Beşiktaş"da çalışıb - red.). Onun "Trabzonspor"da köməkçisi olmuş Öndər Karavəlinin Bakıda olması isə əbəs deyil. Avcı Azərbaycan futboluna daha yaxından bələd olan Karavəlinin xidmətlərindən yığmada da istifadə etmək niyyətindədir.
Bu səbəbdən də Karavəli Avcı tərəfindən Azərbaycan futbolunun son durumunu izləmək üçün 10 günlük Bakıya göndərilib. Türkiyəli məşqçi daha çox "Qarabağ"la görünsə də, bu, iz azdırmaqdır. O, ilyarım işlədiyi "Qarabağ"ın bazasında olub. Komandanın Premyer Liqada "Neftçi" ilə oyununu izləyib. Təyyarə ilə "Qarabağ"ın Kubok matçı üçün Qəbələyə uçub. Hətta "Sərhədçi" İdman Mərkəzində "Qarabağ"ın aşağı yaş qrupu üzrə komandasının oyununu izləyib.
Lakin gəlişin əsl səbəbi "Qarabağ" başda olmaqla, Azərbaycan futbolunun ümumi durumunu görmək və buna görə Abdullah Avcıya hesabat təqdim etməkdir. Bu hesabat təqdim olunduqdan və Santuşla yollar ayrıldıqdan sonra Avcı yekun qərarını AFFA-ya bildirəcək. O hazırda baş məşqçisiz qalmış, lakin çalışdırıcıları "əlcək" kimi dəyişən "Beşiktaş"la Azərbaycan millisi arasında seçim etməlidir.
Qeyd edək ki, dekabrın 13-də keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında Fernandu Santuşla müqavilənin qarşılıqlı razılıq əsasında pozulacağı gözlənilir.