Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2025 11:21
"Baku Network" analitik platformasında "Tofiq Abbasovla Dialoq" videolayihəsinin növbəti buraxılışı yayımlanıb. Budəfəki qonaq Azərbaycan mədəniyyətinin ən görkəmli simalarından müğənni, professor, Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi Natəvan Şeyxova olub.
Proqramın gedişində Şeyxova öz yaradıcılıq karyerasının başlanğıcı ilə bağlı parlaq xatirələrini bölüşüb, peşə yolunun vacib mərhələlərindən söz açıb, müasir dövrümüzün kəskin sosial və mədəni problemlərinə toxunub.
Söhbət zamanı Natəvan Şeyxova həyatını musiqi və incəsənətə möhkəm şəkildə bağlayan anları səmimi şəkildə xatırladıb:
"İncəsənət hər zaman mənim həyatımın bir hissəsi olub. Hələ gənc olarkən, konservatoriyada oxuduğum illərdə başlayıb. Məhz orada 1965-ci ildə mən peşəkar karyerama qədəm qoymuşam. Elə həmin il mən görkəmli bəstəkar Rauf Hacıyevin rəhbərliyi altında Azərbaycanın Dövlət Estrada Orkestrinin bir parçasına çevrilmişəm. Bu, mənim artıq 60 il davam edən yolumun başlanğıc nöqtəsi olub".
Orkestrlə iş böyük musiqi dünyasına Şeyxovanın qapılarını açıb. O, bütün Sovet İttifaqını gəzib dolanıb, iri şəhərlərdə, hətta ölkənin ən ucqar nöqtələrində konsert çıxışları edib. Bu qastrollar artistə təkcə zəngin peşəkar təcrübə deyil, eyni zamanda, çoxlu xoş xatirələr qazandırıb.
"Bizim çıxışlarımız böyüş şövqlə qarşılanırdı - deyə Şeyxova yada salır - Biz təkcə Azərbaycan diasporu üçün yox həm də yerli sakinlər üçün çıxışlar edirdik. Bizim konsertlərin afişaları ən yaxşı konsert zallarının divarlarını bəzəyirdi. Bizi dinləyirdilər, bizi sevirdilər və bu bizim əməyə verilən əsas dəyər idi".
Gənc müğənninin istedadını dirijor Tofiq Əhmədov kəşf edib və Şeyxovanın karyerasının inkişafında onun böyük rolu olub. O, Şeyxovanı müxtəlif konsertlərə çağırıb, həmçinin, televiziya və radio üçün çoxsaylı səsyazmalar təşkil edib; onların bir çoxu hələ də fondlarda qorunub saxlanmaqdadır.
"O, incəsənətlə zəngin olan illər idi. Həmin dövrün istedadlı bəstəkarları və musiqiçiləri ilə iş mənim üçün bir həyat məktəbi olmuşdu. Hər bir çıxış, hər bir səsyazma - mənim könlümün və incəsənət olan sədaqətimin ifadəsi idi", - deyə Natəvan Şeyxova bildirib.
Lakin zaman keçdikcə orkestr buraxıldı. Buna baxmayaraq, N.Şeyxova yoluna davam etdirib Rəşid Behbudov adına Mahnı Teatrının solisti oldu. O, həmçinin, pedaqoji fəaliyyətə başladı və Musiqi Məktəbində, Bülbül adına məktəbdə və Azərbaycan Dövlət Konservatoriyasında gənc musiqiçilərə öz təcrübəsini ötürdü.
"Gənclərə təhsil verərkən həmişə musiqi ənənəmizi qorumaq məsuliyyətini hiss edirdim. Bu, sadəcə bir iş deyil, bu, bir missiyadır", - deyə sənətçi bildirib.
Söhbət zamanı Şeyxova Sovet İttifaqında keçirdiyi qastrollara, o cümlədən, Ermənistana etdiyi səfərlərə də xüsusi yer ayırıb. O, 1988-ci ildə azərbaycanlı, erməni və gürcü sənətçilərinin üç respublikanın festivalında iştirak etdiyini xatırladıb.
"O zaman Ermənistanda bizi böyük coşqu ilə qarşılayırdılar. Anşlaqlar, ziyafətlər, səmimiyyət - bütün bunlar xoş xatirələr yaradırdı. Adama elə gəlirdi ki, heç bir siyasi ixtilaflar bizim bu dostluğu sarsıda bilməz", - deyə o bildirib.
Lakin N.Şeyxovanın sözlərinə görə, hər şey bir anda dəyişdi:
"Sanki hər şey bir anın içində dağıldı. Mənə elə gəlir ki, erməni cəmiyyətinə nifrət toxumu səpildi. Bizim xalqlarımız arasında mövcud olan o dostluğu necə unutmaq olar?! Bunu anlamaq çətindir".
Erməni işğalı nəticəsində Azərbaycan torpaqlarında baş verən dağıntıları xatırlayan Şeyxova itirilmiş mədəni irs üçün dərin kədərini ifadə edib.
"Onlar hər şeyi yerlə bir etmişdilər: muzeyləri, məktəbləri, teatrları. Hazırda biz işğaldan azad olunmuş ərazilərə baş çəkəndə, ancaq viranəlikləri görürük. Bunu dərk etmək çox ağrılıdır. Onların hərəkətləri özlərini "yüksək sivilizasiya" kimi təqdim etmələri ilə tamamilə ziddiyyət təşkil edir", - deyə müğənni bildirib.
Onu ən çox qadınların - ənənəvi olaraq ailə ocağının qoruyucularının buna dinməz qalması təəcübləndirib.
"Qadınlar hər zaman sülh simvolu olublar. Erməni qadınlar niyə bu münaqişəni dayandırmadılar? Onlar niyə övladlarını müharibəyə buraxdılar? Bunlar məndə ancaq təəcüb doğurur?",- deyə Şeyxova öz emosiyalarını bölüşüb.
Yaşanmış çətinliklərə rəğmən, Natəvan Şeyxova hələ də sülh şəraitində bərabər yaşayışa ümid və nikbinlik ifadə edir.
"Biz azərbaycanlılar, hər zaman tolerant və beynəlmiləl xalq olmuşuq. Biz dialoqa açığıq və gələcəyimizi qarşılıqlı anlaşma prinsipləri əsasında qurmağa hazırıq. Bizim prezident dəfələrlər Ermənistana sülh və inteqrasiya təklif edib. Lakin, əfsuslar olsun ki, erməni cəmiyyətində revanşizm ruhu hələ də yaşamaqdadır. Onlar bu maneəni aşmalıdırlar", - deyə o bildirib.
N.Şeyxova əmindir ki, mədəniyyət və incəsənət düşmənliyin aradan qaldırılmasında və xalqlar arasında körpülərin qurulmasında mühüm rol oynaya bilər:
"Musiqi, teatr, incəsənət - bunlar əbədi ilham və birləşdirici mənbələrdir. Məhz yaradıcı insanlar ümumi məqamları taparaq, sülhün bərqərar olunmasına töhfə verə bilərlər".