Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2025 23:00
İsti havalarda kondisioner rahatlıq və sərinlik versə də, bəzi insanlar üçün xoşagəlməz təsirlərə səbəb ola bilər.
Sonxeber.net bildirir ki, bu hallar bir neçə amillə bağlıdır.
Kondisionerin yaratdığı süni hava axını nəfəs yollarını qıcıqlandıra bilər. Xüsusilə sinusit, astma və allergiyası olan şəxslərdə burun tutulması, boğazda quruluq və öskürək kimi şikayətlər arta bilər. Sərin hava eyni zamanda nəfəs borusunun daralmasına və bəzən bronx spazmına da yol aça bilər.
Kondisioner olan mühitdə hava quruyur, bu isə dəridə quruluq və gözlərdə yanma hissi yarada bilər. Uzun müddət belə mühitdə qalmaq göz quruluğu sindromuna səbəb ola bilər.
Kondisionerin temperaturu çox aşağı olduqda və ya tez-tez isti-soyuq keçidlər baş verdikdə, orqanizm adaptasiya çətinliyi çəkir. Bu da baş ağrısı, əzələ tutulmaları və ümumi halsızlıqla müşayiət oluna bilər.
Bundan başqa, texniki baxımı düzgün aparılmayan kondisionerlərdə mikroblar və kif göbələkləri toplanaraq hava ilə birlikdə yayılır. Bu da tənəffüs yolu infeksiyalarının yayılmasına zəmin yarada bilər.
Mütəxəssislər kondisionerdən istifadə zamanı temperatur fərqini 6-8 dərəcədən çox etməməyi, havanı tez-tez dəyişməyi və filtrin təmizliyinə diqqət yetirməyi tövsiyə edirlər.