Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 12:42
Bayram gecəsi şəhərdə artan sərnişin və nəqliyyat axınının idarə olunması məqsədi bir sıra tədbirlər həyata keçirilib. Nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasını təmin etmək üçün Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzində qərargah yaradılıb.
Bakı Nəqliyyat Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, axşam saatlarında nəqliyyat axınının artması səbəbindən mərkəzi küçələrdə svetoforların vaxt planlanmasında dəyişiklik edilib. Əsas nəqliyyat yükü daşıyan küçə və prospektlərdə svetoforlara "yaşıl dalğa" əmri verilib.
Sıxlıq müşahidə olunan yollarda müntəzəm marşrut xətti üzrə avtobusların sərbəst keçidini təmin etmək üçün DYP-la birgə tədbirlər görülüb.
Atəşfəşanlıq bitdikdən sonra Dənizkənarı Milli parkdan gələn vətəndaşların müxtəlif istiqamətlədə daşınması məqsədi ilə isə metro stansiyalarının ətrafına müvafiq marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilib. Sərnişindaşımaya nəzarət üçün Bakı Nəqliyyat Agentliyinin mobil qrupları müxtəlif ərazilərə cəlb edilib.
Piyadaların və sərnişinlərin rahat hərəkətini təmin etmək üçün qanunsuz parklanmalara qarşı tədbirlər də görülüb. Avtobus dayanacaqlarını zəbt edən minik avtomobillərinə qarşı mübarizə tədbirləri həyata keçirilib. Nəticədə avtobusların dayanacaq məntəqələrinə rahat daxil olması və çıxması təmin edilib.