Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 01:30
"Onlardan biri "qızıl" qazansa, elə biləcəyəm üçqat paralimpiya çempionuyam"
Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.
Müstəqil ölkə kimi ikiqat olimpiya çempionumuz olmasa da, 1996-cı ildən bu yana qatıldığımız Yay Paralimpiya Oyunlarında belə nümunəmiz var. Özü də bir deyil, iki nəfər. Böyük ehtimalla əksəriyyətiniz, sadəcə, I qrup Qarabağ qazisi, əfsanəvi İlham Zəkiyevi xatırladınız. Təəssüf ki, digər ikiqat paralimpiya fatehimiz Oleq haqqında məlumatlı olanların sayı, onun ölkəmizə bəxş etdiyi qələbələrin miqyasına müvafiq deyil. Odur ki, çoxillik "Portret" rubrikası çərçivəsində bu boşluğu da doldurmağı qərara aldıq.
Oleq Panyutin Afina və London Yay Paralimpiya Oyunlarının çempionu, uzunluğa tullanma üzrə Pekin, estafet qaçışında isə London paralimpiadasının bürünc mükafatçısıdır. İki dəfə dünya, üçqat Avropa çempionu, dünya oyunlarının qalibidir. Hazırda isə Azərbaycan para-atletika yığmasının sükanı arxasındadır. Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə, 2012-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
Kilometrlərlə yolu piyada getməli olan uşaq...
10 may 1983-cü ildə Bakıda dünyaya gələn Panyutin Oleq Viktoroviç, paytaxtdakı 277 saylı orta məktəbi bitirib. Ata-anası hələ II Dünya müharibəsindən öncə Rusiyadan Azərbaycana köç edən ailələrin övladlarıdır. Az qala hər iki idmançıdan birində olduğu kimi, Oleqin də ailəsində idman təcrübəsi yaşayan biri olub. Belə ki, özündən 10 yaş böyük qardaşı Yuri yeniyetməliyində iki ilədək avarçəkməyə gedib. Uşaqlıqdan futbola böyük marağı olan Oleq, məktəbdə, məhəllədə tez-tez futbol oynayar, sürət və texnikası ilə yaşıdlarından seçilərdi. Beləcə, həvəsi, onu öncə futbola gətirir. Lakin topla macərası cəmi 7 ay çəkir. Oleq, Yurinin dostu olan qonşularının məsləhəti ilə 1996-cı ilin dekabrından atletika məşqlərinə başlayır.
Məşqə getmək üçün yolpulu tapmayıb uzaq məsafəni piyada qət etdiyi vaxtları yadına salır: "Atamızı erkən itirmişik. Qardaşım hərbi xidmətdə idi. Evdə təkcə anam işləyir, cüzi əməkhaqqı alırdı. Ümumiyyətlə, ailə olaraq çox çətinliklər çəkmişik. Mən məşqə getdiyim ilk iki ildə yolpulu tapmırdım, evdən çox tez çıxırdım ki, vaxtında çatım. Yay-qış belə davam edirdi, qaranəfəs, özümü məşqə yetirirdim. Sonradan müəllimlərim problemlərim haqqında bildilər. Çıxış yolu kimi adımı tanınmış idman klublarından birinə yazdırdılar. İlk maaşım 5 "şirvan" olub. 15 yaşlı uşaq üçün böyük pul idi. Ən azından, rahat gediş-gəlişimə kifayət edirdi".
Paralimpiyaçı olma səbəbi
Oleq, 2003-cü ilədək sağlamlıq imkanları məhdud olmayan idmançılar arasında yarışıb. Bu arada dəfələrlə müxtəlif yaş qrupları üzrə ölkə çempionatlarının qalibi olub, Avropa çempionatlarında iştirak edib. Paralimpiyaçılar arasında mübarizə aparma səbəbi gözündəki zəiflikdir. Belə ki, qaydalara görə, göz xəstəliyi, müəyyən civarda görmə məhdudiyyəti olanlar tibbi yoxlanışdan keçərək, müvafiq kateqoriyalarda qərarlaşırlar.
İlk cəhddən lisenziya və..."qızıl"!
Panyutin, paralimpiya hərəkatına qoşularkən "Afina 2004"ün startına bir ildən bir qədər çox vaxt qalmışdı. Lisenziya imkanı məhdud olsa da, Oleq elə ilk cəhddən bu missiyanın öhdəsindən gəlir. Avropa çempionatında həm uzunluğa, həm də üçtəkanla tullanma üzrə əldə etdiyi gümüş medal, paralimpiada üçün artıqlaması ilə bəs edir.
Azərbaycan, Afinada idmanın 4 növü üzrə 9 idmançı ilə təmsil olunurdu. İlk çempionluğu İlham Zəkiyev qazanırsa, Azərbaycan paralimpiya tarixində ikinci qızıl medal məhz Panyutinin sayəsində əldə olunur. Uzunluğa tullanma üzrə yarışda bütün rəqiblərini üstələyən Oleq, beləliklə, ölkəmizə atletika növündə ilk baş mükafatı bəxş etmiş olur.
Azərbaycan rekordçusu
Vətənə qayıtdıqdan sonra "Tərəqqi" medalı ilə təltif olunan Panyutin, növbəti olimpiya dövrünü uğursuz keçirir. Belə ki, xroniki zədələr ona istədiyi formanı yığmağa əngəl olur. Dövrün böyük hissəsini sağlamlığındakı problemlərlə mübarizəyə həsr etsə də, Pekində də əliboş qalmır. Uzunluğa tullanmada aktivimizə bürünc medal yazdıran Oleq, eyni növdə daha əvvəl Hollandiyada baş tutan dünya çempionatının gümüş, əsas qitə yarışının qızıl mükafatını qazanmışdı.
London paralimpiadasına qədərki illər karyerasının ən məhsuldar dönəmi idi. 2011-ci ildə Yeni Zelandiyada keçirilən dünya çempionatında həm uzunluğa, həm də üçtəkanla tullanmada qızıl medal qazanaraq, tarixi ölkə rekordun müəyyənləşdirən Panyutin, olimpiya ilinin ilk yarısının sonlarında Hollandiyada yenidən qitə çempionatının baş mükafatına sahib çıxır. Bu arada o, Türkiyənin ev sahibliyi etdiyi dünya oyunlarında da birinciliyi heç kimə güzəştə getmir. Beləcə, qalib əhval-ruhiyyəsi ilə yola düşdüyü Londondan da gözlənilən zəfər sədası gəlir. Üçtəkanla tullanma növündə iştirak edən paralimpiya və dünya çempionu, ilk cəhdində müəyyənləşdirdiyi ən yaxşı göstərici ilə (15,02) komanda yoldaşı Vladimir Zayetsi 1 santimetr fərqlə qabaqlayıb, ikinci dəfə paralimpiya çempionu adını qazanır. Həmçinin estafet qaçışında da bürünc medala yiyələnir ki, bununla da o, bir Azərbaycan rekordu müəyyənləşdirib. Belə ki, nə ona qədər, nə də sonra heç bir idmançımız 4 paralimpiya mükafatına sahib çıxmayıb.
Londondan sonra belindən ağır zədə alan Oleq, növbəti rekorda - arzusunda olduğu üçüncü "qızıl"a yetişə bilmir. Paralimpiya dövrü ərzində yalnız Suonsidə təşkil olunan Avropa çempionatında gümüş medal qazanaraq, "Rio 2016"-da yeddinciliklə kifayətlənir.
"Həmişə baş məşqçi olmaq istəmişəm"
Gözlənildiyi kimi, karyerasını bitirdikdən sonra o, Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə gətirildi. Əksəriyyəti xeyli müddətdir çiyin-çiyinə çıxış etdiyi, rəğbətini qazandığı atletlərdən ibarət olan komanda ilə dil tapmaq Panyutin üçün çətin olmamalı idi. Dediyinə görə, ötən üç il ərzində hazırlıq prosesində hər hansı problem yaşamayıb. Qarşıya qoyulan məqsəd isə maksimum lisenziya və paralimpiya medalıdır. Ayrıca, Oleq, paralimpiya çempionu Oluxan Musayev və "Rio 2016"-nın gümüş mükafatçısı İradə Əliyevanın şəxsi məşqçisidir. Məşqçilik fəaliyyəti haqqında danışan Panyutin qeyd edir ki, fərqi yoxdur, hər hansı idmançımız Tokioda "qızıl" qazanarsa, bunu öz çempionluğu kimi qəbul edəcək: "İdmançı karyeramın müxtəlif illərində məşqçilik haqqında düşünürdüm. Ancaq sıradan deyil, həmişə baş məşqçi olmaq istəmişəm. Tanrının lütfüdür ki, bu arzuma da çatdım. Maksimum səy göstəririk ki, Yaponiyada ən yaxşı formada təmsil olunaq. Üçqat paralimpiya çempionu olmağı çox istəyirdim, amma neyləyək, qismət belə imiş. İdmançılardan hansısa Tokio paralimpiadasını udsa, bunu öz qələbəm kimi qəbul edəcəyəm. Elə biləcəyəm ki, mən elə üçqat paralimpiya çempionuyam".
"...öz seçimimdir desəm, yalan olar"
Azərbaycanın ən titullu iki paralimpiyaçısından biri, "Şöhrət" ordeni, "Tərəqqi" medalı, yığmamızın çalışdırıcısı - bir sözlə, hər şey mükəmməldir. Bəs görəsən, Azərbaycan cəmiyyətində kifayət qədər tanınan paralimpiyaçılar varkən, Oleq niyə bu qədər kölgədə qalıb?
- Mən bunu Azərbaycanda atletikanın təbliğat və izləyici auditoriyasının az olması ilə bağlayardım. Televiziyalarda, adətən güləş, cüdo, boks kimi döyüş növləri canlı yayımlanır, verilişlər bu növlər üzrə idmançılara həsr olunur. Nəzərdən uzaq olmaq öz seçimimdir desəm, yalan olar. Sadəcə, diqqət lazımınca olmayıb. Düzü, əvvəl çox təsir edirdi, sonradan fikir vermədim.
İslam dinini qəbul edib, şəriət qanunlarını rəhbər tutaraq yaşayır. Adətən dini məzmunlu filmlər izləyir, musiqilər dinləyir. Sovet dövründə çəkilən Azərbaycan filmlərinə qarşı ayrıca sevgisi var. Bunlarla yanaşı, futbola məhəbbəti də tükənməyib. Azərbaycan klublarından "Qarabağ"a, digər ölkələrdən isə İngiltərənin "Çelsi" klubuna azarkeşlik etdiyini vurğuladı.
Portret
Titullu idmançıların bir uğur formulu olur ki, onların bu barədə fikirləri hər kəs üçün maraqlıdır. İkiqat paralimpiya çempionu özünü dağa-daşa salmayıb, sadə bir səbəb açıqladı: "Sadəcə, öz işimə fokuslanmışam. Səkkizinci sinfə qədər məktəbi normal qiymətlərlə oxuyurdum, idmana gedəndən sonra anladım ki, bir əldə iki qarpız tutmaq alınmayacaq. Təbii ki, təhsili yarımçıq qoymaq istənilən halda peşmanlıq hissi yaradır. Ancaq neyləmək olar, hər işdə qurbanlar mütləqdir. Gəncliyimi, qismən də sağlamlığı verib, hazırkı pilləyə çatmışam".