Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 16:27
Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalında Azərbaycanda fəaliyyət göstərən bir çox tibb müəssisələrinin HR menecerlərinin iştirakı ilə "HR Meetup" tədbiri keçirilib.
Hospitaldan Trend-ə verilən məlumata görə, tədbirdə tibb sektorunda çalışan HR menecerlər müasir HR işinin təşkili və əhəmiyyəti mövzusunda müzakirələr aparıblar.
Tədbirdə Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəis müavini Gülnar Yusifbəyli, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minurə Ağayeva, Hüquq şöbəsinin inspektoru Minarə Qafarova, "Opalus Partners Group" şirkətinin rəhbəri Çimnaz Qasımova, “Sağlam Ailə” tibb müəssisəsinin HR meneceri Fəridə Əmirova, Koreya Şərq Təbabəti Klinikasının HR mütəxəssisi Gülnurə Əliyeva, Mediland Hospitalın HR meneceri Nərgiz Tağıyeva və digər tibb müəssisələrinin HR nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Gömrük Hospitalının ümumi məsələlər üzrə rəis müavini Ceyla Əhmədxanova tədbir iştirakçılarını salamlayıb və HR sahəsində aparılan müasir metodların əhəmiyyətindən danışıb.
Tədbirdə "Opalus Partners Group" şirkətinin rəhbəri Çimnaz Qasımova “Müasir HR nədir” mövzusunda təqdimatla çıxış edib. O, müasir dövrdə tibb müəssisələrində HR sisteminin təşkilindən, onun əhəmiyyətindən, biznesə gətirdiyi faydalardan və motivasiya metodlarından danışıb.
Dövlət Gömrük Komitəsinin İnsan Resurslari İdarəsinin rəis müavini Gülnar Yusifbəyli "Səhiyyə sistemində çalışanların iş performansının xəstə məmnuniyyətinə təsiri" mövzusunda çıxış edib. O, xəstə məmnuniyyəti barədə məlumat verərək, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində personalın performansının böyük rolu olduğunu vurğulayıb. Qeyd edib ki, xəstə məmnuniyyətinə təsir edən amillərin analiz edilməsi, problemin həlli yollarının tapılması və müzakirə olunması tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində cox önəmli addımlar olacaq. Bu isə öz növbəsində sağlam cəmiyyətin təməli deməkdir.
Tədbirin sonunda HR menecerlər mövzu ilə bağlı öz qabaqcıl təcrübələri ilə bölüşüblər. Tədbirin keçirilməsində məqsəd səhiyyə sahəsində çalışan HR mütəxəssisləri bir araya toplamaq, bu sahədə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmaq və ayrı-ayrı tibb müəssisələrində tətbiq edilən HR alətləri ilə tanış olmaqdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin