Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 10:57
Bakı. Trend
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.
BANM-dan Trend-ə bildirilib ki, görüşdə Ali Məktəbin müvafiq şöbələrinin əməkdaşları, səfirliyin universitetlər arasında əməkdaşlıq və təqaüdlər üzrə attaşesi xanım Klemens Felipo iştirak edib.
Qonaqlar ilk olaraq Ali Məktəbin kampusu və burada yaradılan şəraitlə tanış olublar.
Görüş zamanı Bakı Ali Neft Məktəbi haqqında geniş məlumat verən rektor Elmar Qasımov Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin gündən-günə inkişaf etdiyini bilidirib. O, həmçinin qeyd edib ki, 2013-cü ildə BANM Fransa Neft İnstitutu (IFP) ilə Anlaşma Memorandumu imzalayıb ki, bu da, Fransa və Azərbaycan arasında inkişaf edən münasibətlərin göstəricisidir. Rektor həmçinin, Ali Məktəbin “Total” şirkəti də daxil olmaqla bir sıra fransız şirkətləri ilə sıx əməkdaşlığından bəhs edib.
Səfir Zakari Qros səmimi qəbula və xoş qarşılanmağa görə rektor Elmar Qasımova öz təşəkkürünü bildirib. O, region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssislər hazırlayan Ali Məktəbin öz ölkəsinin ali təhsil müəssisələri ilə əməkdaşlığından məmnunluğunu ifadə edib. O, hər iki ölkə arasında təhsil əlaqələrinin genişləndirilməsinin vacibliyinə toxunub. Z.Qros bildirib ki, yüksək keyfiyyətli təhsil və əcnəbi tələbələrin Fransa universitetlərində təhsil alması nəinki səfirliyin, həmçinin ölkəsinin də prioritet məsələlərindəndir. O, IFP ilə BANM arasında qurulmuş əməkdaşlığı da yüksək qiymətləndirib.
Görüşdə, həmçinin gələcək əməkdaşlıq, tələbələrin və professor-müəllim heyətinin mübadiləsi, fransız dilinin tədrisi və elmi-tədqiqatlar sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda qonaqlarla xatirə fotosu çəkilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin