Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyanın hərəkətləri münaqişənin həlli istiqamətində atılan addımlara tamamilə ziddir - Politoloq

Paşinyanın hərəkətləri münaqişənin həlli istiqamətində atılan addımlara tamamilə ziddir - Politoloq

Tarix: 30 Yanvar 2020 23:20

Yanvarın 29-da Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirildi. Danışıqların getdiyi bir vaxtda Ermənistanın Baş Naziri Nikol Paşinyan Azərbaycan torpaqlarına səfər etmiş və separatçıların lideri Bako Saakyanla bir araya gələrək erməni əsgərlərinə yeni xidməti mənzillərin verilməsi mərasimində iştirak etmişdir. Heç şübhəsiz ki, bu addım danışıqlar prosesinə kölgə salmaqla yanaşı, bütövlükdə münaqişənin həlli istiqamətində atılan addımlara tamamilə ziddir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın bu hərəkəti müxtəlif manevrlərlə diqqəti fərqli istiqamətlərə yönəltməkdən başqa bir şey deyil: "Bu, Paşinyanın hər zaman üz tutduğu və sınaqdan keçirdiyi oyundur. Belə ki, Paşinyan həmişəki kimi, daxili auditoriyanı ələ almaqda çətinlik çəkir, populist çıxışlara və bu cür manevrlərə baş vurur. Bundan əlavə, onun əhali arasında nüfuzunun əhəmiyyətli dərəcədə düşdüyü faktını da nəzərə alsaq, o zaman əminliklə sübuta yetirə bilərik ki, o, daxili auditoriyanın diqqətini fərqli istiqamətə yönəltməklə fikirləri öz üzərindən yayındırmaq istəyir.

Hazırda Paşinyanın Dağlıq Qarabağda heç bir təsir mexanizmi və gücü yoxdur. Madrid sənədlərini gündəmə gətirən Paşinyan elə məhz bu səbəbdəndir ki, bu cür manevrlərə üz tutub. Keçən ilin dekabrında Slovakiyanın paytaxtı Bratislavada baş tutan görüş ərəfəsində də Paşinyan anoloji üsula əl atmışdı. Görüşdən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri və separatçılarla görüşü, eyni zamanda qondarma "Dağlıq Qarabağ Respublikası "rəhbəri"nin mətbuat katibi David Baayanın icmalararası görüşün mümkünsüzlüyünü dilə gətirməsi də Paşinyanın manevr taktikasına "sadiqliyindən" xəbər verir".

Politoloq əlavə edib ki, Cenevrə danışıqları zamanı da münaqişə tərəfi kimi yalnız Ermənistan-Azərbaycan tərəfinin olması bir daha Paşinyanın Dağlıq Qarabağı müstəqil tərəf kimi danışıqlar masasına gətirmək cəhdinin uğursuzluğundan xəbər verir: "Bu, bir daha onu deməyə əsas verir ki, heç bir halda Dağlıq Qarabağın müstəqilliyin tanınmasından söz gedə bilməz və müstəqil tərəf kimi danışıqlar prosesinə cəlb oluna bilməz.

Ümumiyyətlə, mövcud şəraitdə Minsk Qrupunun formatının dəyişdirilməsi mümkün görünmür. Belə olan halda Paşinyanın Dağlıq Qarabağı müstəqil tərəf kimi danışıqlar masasına gətirmək xülyasının puç olduğunu aydın şəkildə görə bilərik".

Qeyd edək ki, Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilir. Görüş ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edərək, orada qondarma qurumun "lideri" Bako Saakyanla bir araya gəlib, erməni əsgərlərinə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.


Etiketlər:  Paşinyanın hərəkətləri münaqişənin həlli istiqamətində atılan addımlara tamamilə ziddir Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ