Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 14:24
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha bir proaktiv xidməti - ilk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərin proaktiv qaydada sığortaolunan kimi qeydiyyata alınması xidməti fəaliyyətə başlayıb.
Trend-ə Nazirlikdən daxil olan məlumatda bildirilir ki, ilk dəfə işə qəbul olunan şəxslərlə bağlı əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək qeydiyyatdan keçdiyi andan həmin şəxslərə avtomatik olaraq sosial sığorta nömrəsi (SSN) açılır.
Bundan əvvəl isə işəgötürən sığortaolunanın qeydiyyata alınması üçün ya “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən istifadə etməli, ya da kağız formasında işçinin müvafiq formada ərizə və digər sənədlərini nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etməli idi. Sonra isə bu sənədlərə baxılır və sığortaolunanın adına sosial sığorta nömrəsi və bu nömrə ilə fərdi şəxsi hesab açılırdı.
Yeni xidmət nəticəsində artıq həmin prosdura ehtiyac qalmayıb, işçi elə onunla əmək müqaviləsi rəsmiləşdirildiyi gün də SSN-nə malik olur. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı formalaşır.
Beləliklə, sosial sığorta sisteminin iştirakçısı kimi, bu hesabda gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı qazanır.
İlk dəfə işə qəbul olunan şəxslərə avtomatik olaraq SSN açılması xidmətinin xüsusi əhəmiyyəti bu proaktiv xidmətin əhatə etdiyi şəxslərin sayının günbəgün artmasında da özünü göstərir. 2020-ci ilin yanvar ayında fəaliyyətə başlayan bu xidmət vasitəsilə artıq 13000-dən artıq işçi üçün avtomatik olaraq SSN açılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin