Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüqar Rəhimzadə: ''Azərbaycan inkişaf, sabitlik yolu ilə gedir''

Vüqar Rəhimzadə: ''Azərbaycan inkişaf, sabitlik yolu ilə gedir''

Tarix: 6 Fevral 2020 14:33

Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunları bir daha onu göstərdi ki, dövlətimiz doğru yoldadır, müstəqil siyasət yürüdür, ölkəmiz daha da güclənir. Əlbəttə ki, bu da səbəbsiz deyildir. Ona görə ki, dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram çərçivəsində böyük işlər görülüb və dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq. Bununla da ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaq.

Sonxeber.net xəbər verir ki, bu sözləri KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, dünyada yeni münaqişə ocaqları və gərginlik yerləri yaranır, mövcud problemlər öz həllini tapmır, Avropada, Afrikada, Asiyada, Latın Amerikasında, hətta postsovet məkanında müəyyən gərginlik müşahidə olunur. Lakin bütün bunların fonunda Azərbaycan inkişaf, sabitlik yolu ilə gedir: "Təsadüfi deyil ki, 2019-cu ildə ölkə iqtisadiyyatı 2,2 faiz, qeyri-neft sektoru 14 faizdən çox, sənaye istehsalı isə 1,5 faiz artıb. Keçən il 98 min yeni iş yeri yaradılıb, ölkəmizə 13,5 milyard dollar sərmayə qoyulub, inflyasiya cəmi 2,5 faiz, əhalinin gəlirlərinin artımı isə 7,4 faiz təşkil edib. Valyuta ehtiyatlarımız da 6,4 milyard dollar artıb. Xüsusilə qeyd etmək lazımdır ki, bu, son illər ərzində rekord göstəricidir. Azərbaycanın valyuta ehtiyatları artıq 52 milyard dollara çatıb. Valyuta ehtiyatımız təkcə keçən ay ərzində 1 milyard dollar artıb. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycanda həyata keçirilən islahatlar Dünya Bankı tərəfindən təqdir edilir. Hətta "Doing Business" hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib".

"İki sahil" qəzetinin baş redaktoru qeyd edib ki, son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib: "Bu illər ərzində regionlarda 58 min kilometr uzunluğunda yeni qaz xətləri, su təchizatının yaxşılaşdırılması üçün bölgələrdə 13 min kilometr uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modultipli sutəmizləyici qurğu quraşdırılıb, 706 min nəfər əhali içməli su ilə təmin edilib. Uzunluğu 16 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib. Bunun nəticəsidir ki, avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan bir çox inkişaf etmiş ölkələri qabaqlayaraq dünyada 27-ci yerdədir".

"Cənab Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkəmizin əldə etdiyi uğurlarla yanaşı, bir sıra sahələrdə mövcud problemlərə də toxundu və onların tezliklə aradan qaldırılmasına dair tapşırıqlar verdi" - deyə, Vüqar Rəhimzadə əlavə edib.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, sözügedən konfransın nəticələri Azərbaycanın dinamik inkişafını qoruyub saxladığını, insanların rifah halının yaxşılaşdığını və firavanlığını təmin edildiyini, ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin getdikcə gücləndiyini isbatlayır: "Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir, ölkəmizdə aparılan islahatlar ardıcıl xarakter daşıyır. Ona görə də Azərbaycanın uğurları və nailiyyətləri beynəlxalq təşkilatlar, reytinq agentlikləri tərəfindən təqdir olunur, hətta dünyaya nümunə kimi göstərilir. Azərbaycanın dünya iqtisadiyyatının ən sürətli inkişaf edən tərkib hissəsi kimi təqdim edilməsi və nümunə olaraq göstərilməsi ölkəmizin qlobal miqyasda qüdrətli bir dövlət olaraq qəbul edildiyini sübut edir".


Etiketlər:  Vüqar Rəhimzadə Azərbaycan inkişaf sabitlik yolu ilə gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ