Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 12:06
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Rusiya Federasiyası Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevi qəbul edib.
Qəbula görə minnətdarlığını bildirən Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyev Azərbaycan Respublikasının Prezidenti ilə bu görüşün onun üçün və ümumilikdə, Rusiya Elmlər Akademiyası üçün böyük önəm daşıdığını dedi. Əvvəlki illərdə Elmlər akademiyaları arasında birgə səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edən Aleksandr Sergeyev sonrakı dövrlərdə elmi əlaqələrin qırıldığını vurğulayaraq indi bu əlaqələrin yenidən bərpa edilməsinin zəruriliyini bildirdi. O, ölkəmizə səfərinin əsas məqsədinin bundan ibarət olduğunu diqqətə çatdırdı.
Dövlətimizin başçısı elm sahəsində əvvəllər mövcud olan ənənəvi əlaqələrin hazırkı dövr və gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı əsas yaratdığını bildirdi. Rusiya elminin son illər əldə etdiyi nailiyyətlərə toxunan dövlətimizin başçısı ölkələrimizin gələcək elmi əməkdaşlığı üçün yaxşı potensialın olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafının elm sahəsində də əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün yaxşı imkan yaratdığını dedi. Dövlətimizin başçısı Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin Azərbaycana səfərinin ölkələrimiz arasında elmi əməkdaşlığın inkişafı və bu sahədə konkret addımların atılması işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin