Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyalı müşahidəçilər: Seçkinin təşkilatı səviyyəsi çox yüksək olub

Almaniyalı müşahidəçilər: Seçkinin təşkilatı səviyyəsi çox yüksək olub

Tarix: 9 Fevral 2020 22:18

Milli Məclisə keçirilən növbədənkənar seçkiləri izləmək üçün Azərbaycana gələn almaniyalı müşahidəçilər seçkinin gedişatı ilə bağlı rəylərini açıqlayıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə Almaniyadan olan beynəlxalq müşahidəçi, Almaniya Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi Volf-Ruthart Born bildirib ki, Azərbaycanda seçkidə ikinci dəfə müşahidəçi kimi iştirak edib:

"Bu seçkidə qısamüddətli müşahidəçi kimi iştirak etmişəm. Azərbaycan hökumətinə dəvət üçün təşəkkür edirəm".

O əlavə edib ki, seçkini Bakı və Sumqayıtdakı məntəqələrdə müşahidə ediblər:

"Bu gün həm də Dağlıq Qarabağ zonası üzrə bir seçki məntəqəsində olduq. Şəxsi nəticələrim bunu deməyə əsas verir ki, hər şey çox yaxşı təşkil olunmuşdu və seçki gözəl keçirilib. Bütün müşahidələrimiz zamanı seçkinin çox yüksək səviyyədə keçirildiyini gördük. Biz nəticələrdən çox razı qaldıq".

Volf-Ruthart Born deyib ki, Azərbaycan hökuməti seçkini müşahidə etmək üçün Avropa İttifaqından da müşahidəçilər dəvət edib: "Sabah Avropa İttifaqının nümayəndələrinin də mətbuat konfransı keçiriləcək".

Bundestaqın keçmiş deputatı Steffen-Claudio Lemme bildirib ki, seçkinin təşkilatı səviyyəsi çox yüksək olub.

Onun sözlərinə görə, parlament seçkisi heç bir narazılıq olmadan, şəffaf keçirilib.

Steffen-Claudio Lemme deyib ki, ümumilikdə 8 məntəqədə müşahidə aparıb.

Onun sözlərinə görə, seçki bülletenlərində əsasən namizədlərin çoxunun heç bir partiyaya üzv olmadığını görüb: "Seçicilərlə ünsiyyət zamanı gördüm ki, onlar parlamentdə daha cavan insanların seçiləcəyinə ümid edirlər. Mən arzu edərdim ki, Azərbaycanda məktub-seçki formatı da işə düşsün".

Müşahidəçi Birgit Vetzel qeyd edib ki, ümumilikdə 8 seçki məntəqəsində müşahidə aparıb.

Onun sözlərinə görə, getdikləri bütün məntəqələrdə müşahidələrini heç bir problem olmadan apara biliblər: "Bütün seçki məntəqələrində bizim suallarımızı çox məmnuniyyətlə qarşıladılar".

Urs Unkauf deyib ki, müşahidələr zamanı seçki siyahısında çoxlu gənc namizədlərin adlarının olduğunu görüblər. Bunu müsbət hal sayan Urs Unkauf deyib ki, bu seçkilərdə qadın namizədlərin iştirak etməsi çox sevindirici idi.

O, yerli müşahidəçilərin prosesi izləməsindən razı qaldığını, səslərin düzgün qaydada və vaxtında hesablandığını da söyləyib.

Urs Unkauf onu da əlavə edib ki, Dağlıq Qarabağdan olan köçkünlər bu problemin sülhlə həll edilməsini istəyir: "Azərbaycan hökuməti və Berlindəki Azərbaycan səfirliyinə minnətdarlığımı bildirirəm".

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.


Etiketlər:  Almaniyalı müşahidəçilər Seçkinin təşkilatı səviyyəsi çox yüksək olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ