Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 23:54
Dərinin bədxassəli şişləri özündə melanoma və bazeliomanı birləşdirir. Melanoma dərinin bədxassəli şişləri arasında daha çox rast gəlinir və ondan əziyyət çəkənlərin sayı getdikcə artır. Bu xəstəlik 80-85 faiz hallarda qadınlarda rast gəlinir və daha çox selikli qişalarda aşkarlanır. Əvvəllər həmin xəstəlik əsasən orta yaş dövründə, adətən 50 yaşdan yuxarı müşahidə olunurdu. Lakin o getdikcə cavanlaşıb və hazırda həyatın ikinci onilliyində aşkarlanır. Xəstəliyin yaranma səbəbi məlum deyil. Lakin melanomanın yaranmasına 50 faiz hallarda dəridə olan xoşxassəli xalların səbəb olduğu deyilir. Çünki həmin xalların Günəş şüalarının təsirindən bədxassəliyə çevrilmə təhlükəsi var. Bundan əlavə, travmalar, ultrabənövşəyi şüalar, Günəş vannası qəbul etmək xoşxassəli xalın bədxassəliyə çevrilməsində mühüm rol oynayır. Azərbaycan ultrabənövşəyi şüaların aktiv olduğu zonalardan biri olduğu üçün bu xəstəliyə ölkəmizdə də rast gəlinir. Melanomanın daha çox dərisinin rəngi ağ, gözlərinin rəngi göy olan insanlarda əmələ gəldiyi deyilir.
Sonxeber.net bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin dermatonevrologiya kafedrasının dosenti, həkim-dermatonevroloq Səbinə Əhmədova məlumat verib.
"Səthi melanomanın rastgəlmə tezliyi 70 faizə bərabərdir və 40-50 yaşdan yuxarı dövrü əhatə edir. Əvvəlcə xalda balaca bir ləkə əmələ gəlir, sonralar böyüyür, bərkiyir, lövhəyə çevrilir, qaralır və nahamar olur. Ola bilsin ki, xalın mərkəzi ağarır və ondakı yara sağalan formada olur. Bu, o deməkdir ki, həmin xal bədxassəliyə çevrilir. Xalın rənginin dəyişilməsi, mərkəzinin ağarması, düyünlərin əmələ gəlməsi bədxassəliyə çevrilmənin əlaməti ola bilər. Düyünlü forma melanomanın daha bədxassəli formasıdır. Melanoma dırnaqaltı nahiyədə də yarana bilər. Xəstəliyin müalicəsi ilk növbədə histoloji müayinələrdən asılıdır. Burada dermatoskopiya müayinəsi böyük rol oynayır. Melanomanın müalicəsində konservativ müalicə bir o qədər də effekt vermir. Müalicə zamanı cərrahiyyə əməliyyat da tətbiq oluna bilər. Melanomada şişlər çox sürətlə metastaz verir. Metastazlar adətən yaxın orqanlarda qeydə alınır. Belə ki, əgər melanoma üzdədirsə, kəllə sümüyünə, beyinə metastaz verə bilər", - deyə həkim-dermatonevroloq bildirib.
Mütəxəssis qeyd edib ki, bazal hüceyrəli xərçəng - bazelioma bədxassəli törəmədir və bazeloid hüceyrələrdən ibarətdir: "Melanomadan fərqli olaraq bazeliomanın metastazları nadir hallarda qeydə alınır. Xəstəliyin yaranmasına səbəb olan etioloji amil bugünədək bilinmir. Xəstəlik 40-45 yaşdan sonra yaranır və əmələ gəlməsində Günəş şüalarının aktiv təsiri, kimyəvi faktorlar və digər şüa amilləri rol oynayır. Melanomadan fərqli olaraq bazeliomanın əlaməti düyüncükdür. Bazelioma səthi, sklerodermayabənzər, nodulyar, fibriepitelioma formasında ola bilər. Uzun sürən və residiv verən xəstəlikdir. Müalicəsi yerləşmə nahiyəsindən, ocaqların sayından, xəstənin ümumi vəziyyətindən asılıdır. Həm melanoma, həm də bazelioma zamanı lazerodestruksiya vasitəsilə xal götürüləndən sonra həmin törəmələr mütləq biopsiyaya verilməlidir. Xalın birdən-birə intensiv böyüməsi, rənginin dəyişilməsi, tündləşməsi, səthində nahamarlığın əmələ gəlməsi və qanaxma xərçəngə çevrilmənin əlamətləridir".
S.Əhmədovanın sözlərinə görə dəri xərçəngindən ölüm hallarına metastazlar səbəb olur.