Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balakəndə yeni kəndlərarası yolun yenidən qurulmasına start verilib - FOTO

Balakəndə yeni kəndlərarası yolun yenidən qurulmasına start verilib - FOTO

Tarix: 17 Fevral 2020 11:32

Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm yol infrastrukturu layihələri icra olunur.

Agentlikdən Sonxeber.net-a bildirilib ki, Balakən rayonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, cari ildə uzunluğu 39.2 km olan və başlanğıcını Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 155-ci km-dən götürən Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa kəndlərarası avtomobil yolunun yenidən qurulmasına start verilib.

Avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması yol boyu yerləşən yaşayış məntəqəsinin əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı.

Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.

Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, zəruri olan yerlərdə yeni yol yatağı 10 metrə qədər genişləndirilərək yeni yataq inşa edilir, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri də aparılır.

Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınır, zəruri olan yerlərdə yeniləri qurulur. Artıq bu işlərin nəticəsi olaraq bir-çox yerdə müxtəlif diametrlərə malik yeni suötürücü boru quraşdırılıb və 1 dördbucaqlı su keçidi inşa edilib.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, yol əsası hazır olan hissələrin isə asfaltlanması işləri aparılacaq. Belə ki, yolun təqribən 230 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa ediləcək.

Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu 7 yaşayış məntəqəsində yaşayan 30 min əhalinin istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun bu il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.


Etiketlər:  Balakəndə yeni kəndlərarası yolun yenidən qurulmasına start verilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ