Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk kompyuterini 6 yaşında yığan ixtiraçı - Örnək - FOTO

İlk kompyuterini 6 yaşında yığan ixtiraçı - Örnək - FOTO

Tarix: 23 Fevral 2020 23:34

Ruslan Bayramov: "Amerikada İSEF beynəlxalq müsabiqəsində ölkəmizi layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm"

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.

O, məktəbli alimdir. Universitetdə deyil, ümumi orta təhsil müəssisəsində yetişən gənc ixtiraçılardan biridir. İxtiraları ilə müəllimlərini, münsifləri heyrətləndirən məktəblilərdəndir. 4 yaşında başlayan kompyuter sevgisi onu ixtiraçı olmağa qədər gətirib. Hazırda ölkəmizi Amerikada beynəlxalq müsabiqədə təmsil etmək üçün hazırlaşır. 

Müsahibimiz "Sabahın alimləri" 9-cu respublika müsabiqəsinin qalibi, ABŞ-da müsabiqədə iştirak etmək üçün seçilən məktəbli Ruslan Bayramovdur.

"Əlimdən gələni edəcəyəm"

Ruslan Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdidir. "Sabahın alimləri" yarışmasına üçüncü ildir ki, qatılır və ikinci dəfə Amerikada keçirilən İSEF yarışmasında finalçı kimi ölkəmizi təmsil edəcək: "Bütün fənləri demək olar ki, eyni səviyyədə öyrənirəm. Doqquzuncu sinifdə oxuyarkən biologiya müəllimim mənə ekologiya kateqoriyasında iştirak etməyi məsləhət verdi. İştirak etdim, lakin yer tuta bilmədim. Onuncu sinifdə artıq özümün profil fənnim olan kompyuter elmləri ilə bağlı hazırlaşdım və qızıl medal qazandım. Bu il də həmin kateqoriyada iştirak edib gümüş medal qazandım. Amerikada İSEF beynəlxalq müsabiqəsində ölkəmizi layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm".

"İlk kompyuterimi atamla birlikdə yığdıq"

Bu gün ixtiraları ilə hamını təəccübləndirən "sabahın alimi"nin kompyuterlə ilk tanışlığı 4 yaşında olub: "Uşaqlıqdan bu sahəyə böyük marağım var idi. Daim kompyuterlərlə oynamaq, onu söküb, yenidən yığmaq istəyirdim. Oyundan çox məni kompyuterin işləmə mexanizmi maraqlandırırdı. İlk dəfə kompyuteri 6 yaşım olanda yığmışam və birinci proqram dilini 12 yaşımda öyrənmişəm. Kompyuterlə ilk tanışlığım ondan da əvvəl idi, 4 yaşımdan kompyuter oyunlarını oynamağı sevirdim. Daha sonra atama necə işləməsi ilə bağlı suallar verirdim. Atam mənə onun hissələrini tanımaqda və qoşmaqda kömək edirdi. Nəticədə ilk kompyuterimi atamla birlikdə yığdıq".

"Marağım qalib gəlirdi"

Adətən valideynlər 4 yaşında uşağın kompyuterlə vaxt keçirməsinə, oyun oynamasına etiraz edirlər. Həmsöhbətimiz deyir ki, onun da valideynləri Ruslana məhdudiyyətlər qoyub: "Atam kompyuter texnologiyaları sahəsində mütəxəssis deyildi. O sahə ilə maraqlanırdı, amma ixtisası tam fərqli idi. Valideynlərim gözümün zəifləməməsi üçün kompyuter qarşısında keçirdiyim vaxta məhdudiyyətlər qoyurdular. Amma marağım qalib gəlirdi. Elə ətrafdakı problemlərə baxa-baxa layihələr qururdum. Hər layihəmə fərqli reaksiyalar alırdım. Bəzilərinin layihələr xoşlarına gəlir, mənə əhsən deyirdilər, bəziləri isə nə etmək istədiyimi anlamırdı. Bu layihələrdən başqa marağımda robotiks də var. Oktyabr ayında dünyanın ən böyük robotiks yarışında - Dubay şəhərində First Global 2019-da Azərbaycan milli yığmasının kapitanı oldum. First Global dünyada keçirilən ən böyük robotiks müsabiqələrindən biridir. Orada 191 ölkədən komandalar iştirak edir. Ölkəmiz həmin yarışda 29-cu yeri qazandı. Bundan başqa, Rumıniyada və Ukraynada keçirilən beynəlxalq olimpiadalarda iştirak etdim. Robotikslə doqquzuncu sinifdə tanış oldum, məktəbimizdə bu sahə ilə bağlı dərslər keçirilir".

"Bu layihə ilə "Goldenbyte" yarışmasında 1-ci yerə layiq görüldüm"

Ruslanın bu il təqdim etdiyi layihənin məqsədi dərin öyrənmə ilə bitkilərin xəstəliklərinin robot vasitəsi ilə aşkar olunmasıdır: "Layihəmdə robot kiçik sahələrdə gəzib kamera vasitəsi ilə məlumat toplayır, sonra isə o məlumatları kompyuter vasitəsilə analiz edib bitkilərin diaqnozunu göstərir".

Ruslan keçən il kiçik və böyük sahibkarları işə qoşmaq üçün "Blokçeyn" platformasında vebsaytla iştirak edib: "Bu layihə məhsulları satan və məhsulları alan sahibkarlar arasında əlaqə qurmaqdan ibarət idi. Layihə üzərində 2017-ci ilin dekabrından işləməyə başladım. Məqsədim iqtisadi münasibətlərdə alıcını və istehsalçını "Blokçeyn" texnologiyası ilə birləşdirmək idi. "Blokçeyn" texnologiyası bankın müdaxiləsi olmadan hesab əməliyyatlarını həyata keçirməyə imkan verir. Bu isə sürətli ödəmələr prosesinin tətbiq olunmasına yol açır. Hazırda bu layihədə istifadə etdiyim texnologiyaları və tətbiqləri digər işlərimlə də əlaqələndirirəm. Bu layihə ilə Azərbaycanda "Goldenbyte" yarışmasında 1-ci yerə layiq görüldüm və ölkəmizi Kiyevdə təmsil etdim. Bundan başqa, Rumıniyada keçirilən "Infomatrix World Final" yarışında proqramlaşdırma nominasiyası üzrə eyni proyektlə üçüncü yeri qazandım. Rumıniyada keçirilən yarışda 47 ölkə iştirak edirdi. Maraqlı hadisələrdən biri isə türklərin bizi öz məktəblərinə dəvət etməsi və şam yeməyinə qonaq çağırmaları oldu. Onlar Azərbaycanın mədəniyyətini və incəsənətini çox yaxşı bilirdilər. Daha sonra proyekti inkişaf etdirdim və 2019-cu ildə keçirilən "Sabahın alimləri" yarışmasında, kompüter elmləri nominasiyasında birinci yerə layiq görüldüm, və ölkəmizi İSEF yarışmasında təmsil etmək hüququ qazandım".

"Blokçeyn"lə bağlı layihənin üstünlüyündən danışan məktəbli deyir ki, iki tərəfin arasında vasitəçi olmadığına görə, onlar daha çox qazana və inkişaf edə bilərlər. Bu isə iqtisadi inkişafa, iş yerlərinin yaradılmasına və mağazalarda insanlar üçün qiymətlərin ucuzlaşmasına gətirər.

"Plastik yeyən qurdlar"

İxtiraçımızın növbəti ixtirası 2 il bundan öncə təqdim etdiyi penoplast və plastik materialların qurdlarla təbiətdən çıxarılması layihəsidir: "Un qurdlarında xüsusi bakteriyalar var ki, onlar plastiki yeməyə qadirdir. Bu xüsusiyyətdən istifadə edərək okeanlarda yığılan tullantıları təmizləmək olur. Bu layihəmlə də yarışmalarda iştirak edib, uğur qazanmışam".

Ruslan deyir ki, layihəyə başlamazdan öncə ABŞ-da qalib gələn layihələri analiz edib: "Bundan sonra özüm bir ideya fikirləşdim və onun realizasiyası üçün İnformasiya Texnologiyaları İnstitutuna müraciət etdim. Elə bu gün də layihə üzərində çalışmağa davam edirəm".

"Süni intellekt sahəsində biznes"

Gələcək planlarından danışan "sabahın alimi" vurğulayır ki, əsas hədəfi süni intellekt sahəsində biznes qurmaqdır: "Alim olmaq istəyərdim ki, Azərbaycanın beynəlxalq arenada nüfuzunu yüksəldim. Hazırda 11-ci sinifdə oxuyuram, SAT və İELTS imtahanlarını vermişəm və istəyirəm ki, təhsilimi Çində davam etdirim. Əsas arzum süni intellekt sahəsində biznes qurmaqdır. Kumirim isə Elon Maskdır".

Məlumat üçün bildirək ki, 11-15 may 2020-ci il tarixlərində ABŞ-ın Anahaym şəhərində Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İSEF - İnternational Science and Engineering Fair) keçiriləcək. Müsabiqənin tarixində ilk dəfə olaraq İSEF-in münsiflər heyətinin tərkibinə fizika və astronomiya kateqoriyası üzrə "Böyük mükafat" münsifi qismində azərbaycanlı alim - Sumqayıt Dövlət Universitetinin əməkdaşı, "Sabahın alimləri" Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov da daxil edilib.

Qeyd edək ki, 1958-ci ildən etibarən ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində hər il 70-80 ölkədən IX-XI sinif şagirdlərindən ibarət komandalar iştirak edir. 2012-ci ildən etibarən "Sabahın alimləri" Respublika müsabiqəsinin qaliblərindən ibarət komanda İSEF-də Azərbaycanı uğurla təmsil edir.


Etiketlər:  İlk kompyuterini yaşında yığan ixtiraçı Örnək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ