Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 18:28
Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VI iclası çərçivəsində ölkəmizdə səfərdə olan Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti nazirinin müavini Nikulae Havriletin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, görüşdə "TRANSGAZ S.A" və "ROMGAZ S.A" şirkətlərinin təmsilçiləri də iştirak edib.
Görüş zamanı Rumıniya ilə xam neft, neft məhsulları və neft-kimya məhsullarının ticarəti sahəsində əməkdaşlıq əlaqələrindən danışılıb. Enerji sahəsində əməkdaşlığın inkişafı istiqamətində Cənub Qaz Dəhlizi Məşvərət Şurası formatının yaratdığı imkanlardan bəhs edilib. Nazir Pərviz Şahbazov Rumıniyanın son illərdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında davamlı iştirakını layihəyə marağın göstəricisi kimi qiymətləndirib. Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin enerji sahəsində hər iki ölkənin maraqlarına gələcəkdə də töhfə verəcəyini bildirib.
Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti nazirinin müavini Nikulae Havrilet isə Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edərək, ölkəsinin gələcəkdə bu layihədə iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb. O, dəhlizin gələcəkdə Mərkəzi Avropaya qədər genişləndirilməsində Bolqarıstan-Rumıniya interkonnektoru və BRUA layihəsinin imkanlarından istifadənin mümkünlüyü ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə iki ölkə arasında enerji sahəsində gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.