Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sınıqçılıq necə öyrədilirdi?

Sınıqçılıq necə öyrədilirdi?

Tarix: 27 Fevral 2020 22:27

Müxtəlif sınıq və çıxıqlar tez-tez təsadüf olunan və geniş yayılan zədələrdir. Cərrahlığın inkişaf etmədiyi vaxtlarda sınıqçılar özünəməxsus üsullarla onu müalicə edir, ətraf orqanların, onurğa sütunu, boyun, qabırğa, bel, çanaq sümüyü sınıqları və çıxıqlarının müalicəsinə nail olurdular.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, uzun illərdən bəri qədim təbabət üsullarını öyrənməklə məşğul olan professor Fəzail Vəliyev deyib: "Sınıqçılıq sənətinə yiyələnməyin özünəməxsus xüsusiyyətləri var. Atadan oğula, oğuldan nəvəyə nəslən keçən sınıqçılıq sənəti uzun bir proses nəticəsində mənimsənilirdi. Təcrübəli sınıqçılar aylarla, illərlə yanlarında şagird saxlayır və öz təcrübələrini onlara öyrədirdilər. Yalnız müəyyən təcrübə keçən və ənənələrə yiyələnən şagirdlərin sınıqçılıq etməyə haqqı çatardı".
Professor söhbətinə davam edərək deyib: "Peşəkarlar şagirdlərin püxtələşməyini sınaqdan çıxarmaq üçün şüşə və saxsı qabları kisəyə və ya xurcuna qoyandan sonra onu vurub sındırır, şagird isə gözlə görmədən, əllərini içəri salmadan onları bərpa etməli olurdu. Bəzən həmin sınaqlar dəfələrlə təkrar edilir və nəticədə bunu etməyi mükəmməl surətdə bacaran sınıqçı kimi fəaliyyət göstərirdi.

Sınıqçılıq sənətində başlıca məharət sınmış yerləri müəyyən etdikdən sonra cığlanmış sümükləri əllə hamarlayıb öz əvvəlki vəziyyətinə gətirməkdir. Bundan sonra müasir gipsi əvəz edən yaxma məhlulu parça üzərinə çəkilərək sınıq yerinə bağlanırdı. Yaxma maddəsi bal, un, ağac yapışqanı, yumurta sarısı, duz, zəy və saqqızdan hazırlanırdı. Sarığın tərpənməməsi və sümüklərin yerinə kip oturması üçün sınmış yer hər iki tərəfdən ağac şinlər və ya qarğı çiliklər vasitəsilə bağlanırdı. Adətən bir həftə sonra sarıq-gips açılaraq yoxlanılır, zərurət olanda sarğı təkrarlanır, sümük əyri bitəndə onu sındırıb yenidən birləşdirirdilər. Bunun üçün yumşaldıcı vasitə kimi qoyun quyruğu, keçi piyi və çilədağ bitkisinin kökündən məlhəm hazırlanaraq sümük yumşaldılır, sındırılır və yenidən gipsə salınırdı. Sümüyün sürətlə bitişməsi üçün xəstəyə xaş və ya kəlləpaça suyu yedizdirirdilər. Sınıq və çıxığı tez sağaltmaq üçün həm də nar ağacının qurudulmuş kökü toz halına gətiriləndən sonra əzvayla (aloe) qarışdırılaraq həmin nahiyəyə bir neçə dəfə təpitmə qoyulurdu.

Bəzən ayaqda, əldə burxulma və ya çıxıq olanda da sınıqçılar köməyə gəlir, çıxıqları yerinə salır, burxulmuş yerləri isə çirkli yun üzərinə yumurta yaxısı çəkərək bağlayırdılar. Həmin qayda ilə şiş aradan götürülür, ağrılar azalırdı".


Etiketlər:  Sınıqçılıq necə öyrədilirdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ