Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkəmizdə koronovirus varmı?

Ölkəmizdə koronovirus varmı?

Tarix: 27 Fevral 2020 23:15

Fevralın 26-da Gürcüstanda koronavirusa ilk yoluxma hadisəsi təsdiqlənib. Xəstə İrandan gələn 50 yaşlı Gürcüstan vətəndaşıdır. O Gürcüstana Azərbaycandan keçərək daxil olub.

Həmin şəxs ölkəsinə mikroavtobusla gedib. Marneuli sakini olan şəxsin yanında daha bir neçə nəfər də olub və onlar Azərbaycanda karantində saxlanılırlar.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, virus aşkarlandıqdan sonra hər iki ölkənin rəsmi qurumları və səlahiyyətli nümayəndələri yerli media orqanları vasitəsilə məsələyə aydınlıq gətirib.

Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, adı açıqlanmayan 50 yaşlı şəxs bir gün əvvəl İrandan Azərbaycan vasitəsilə Tbilisiyə gedən Gürcüstan vətəndaşıdır.

Koronavirusun yayılmasının qarşısını almaq üçün Gürcüstan hökuməti iki həftə ərzində Gürcüstan və İran arasında quru yolla hərəkəti qadağan etmək qərarına gəlib.

"Bu mərhələdə Gürcüstan digər ölkələrlə uçuşları ləğv etmək niyyətində deyil, yalnız İran və Çinlə uçuşlar dayandırılır".

Bunu jurnalistlərə açıqlamasında Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyinin nümayəndəsi Levan Karsanadze söyləyib.

"Bu mərhələdə başqa bir ölkəyə münasibətdə uçuşların dayandırılması ilə bağlı hər hansı bir qərar yoxdur. Nəticə hansısa bir ölkədə epidemioloji vəziyyətin necə inkişaf etməsindən asılı olacaq. Qərar Gürcüstan hökuməti tərəfindən idarələrarası koordinasiya şurasının tövsiyələri əsasında qəbul edilir. Hələ ki, başqa ölkələrdən söhbət getmir", -deyə Karsanadze bildirib.

Onun sözlərinə görə, bütün sərnişinlər hava limanında yoxlanılır və şübhəli simptomlar varsa, xəstəxanaya yerləşdirilirlər.

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidzenin sözlərinə görə isə, məsələ ilə bağlı artıq Azərbaycan tərəfinə məlumat verilib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı pasiyentin qonşu ölkələrdə kimlərlə əlaqədə olmasını araşdırıb, həmin şəxslərdən hansının karantinə və ya xəstəxanaya yerləşdiriləcəyinə qərar verəcək.

Azərbaycan Dövlət Sərhəd Xidməti də Gürcüstanla sərhədin bağlanması ilə bağlı açıqlama yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan-Gürcüstan sərhədində sərhəd-keçid məntəqəsinin bağlanması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Hazırda sərhəddə gediş-gəlişə məhdudiyyət qoyulmayıb:

"Hələ ki, bu məsələ ilə bağlı hansısa bir qərar yoxdur. Qərar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".
Məlumata görə, göstərilən faktla bağlı bütün tədbirlər görülür. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir.

Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də məsələ ilə bağlı birgə məlumat yayıblar.

Məlumata görə, hadisə ilə bağlı hər iki qurum araşdırma aparıb.

"Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilib və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb.

Mümkündür ki, xəstəliyin xarakterinə uyğun olaraq, Astara gömrük-keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi 10-12 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb. Belə ki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər.

Göstərilən faktla bağlı bütün tədbirlər görülür. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir".

Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Qırmızı körpü" sərhəd-keçid məntəqəsində isə koronavirusla bağlı yoxlamalar gücləndirilib.

Məntəqədən keçməklə Gürcüstana daxil olan bütün şəxslər tibbi heyət tərəfindən koronavirusla bağlı yoxlamadan keçirilir.
Azərbaycandan Gürcüstana gedən hər bir şəxsin hərarəti ölçüldükdən sonra ölkə ərazisinə buraxılır. Yoxlamalar zamanı iki İran vətəndaşının Gürcüstana daxil olmasına icazə verilməyib.

Bəs koronavirus xəstəsi Azərbaycana nə ilə gəlib?

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın sözlərinə görə, həmin şəxs İrandan Azərbaycana qanuni daşıma olmayan mikroavtobusla gəlib və Azərbaycan ərazisində hər hansı müntəzəm marşrut xətlərindən istifadə etməyib:

Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev isə bildirib ki, həmin şəxsdə koronavirus epidemiyasının Azərbaycan ərazisində yox, Gürcüstanda aşkarlanması xəstəliyin gizli dövrdə olması ilə bağlıdır.

Onun sözlərinə görə, xəstəliyin aşkarlanması üçün laboratoloji üsulla diaqnoz qoymaq mümkündür:

"Hər gün gömrük-sərhəd keçid məntəqələrindən çoxlu sayda insan keçir. Sərhədi keçənlərdən hər kəsdə xəstəliyin gizli dövrü olmur. Bu, bir-iki nəfərdə ola bilər. Gürcüstan vətəndaşında da virusun aşkarlanması epidemiyanın gizli dövrü ilə bağlıdır.
Müəyyən müddətdən sonra əlamətlər özünü büruzə verib və Gürcüstan sərhədində aşkarlanıb. Bu xəstəliyin aşkarlanması üçün laboratoloji üsulla diaqnoz qoymaq mümkündür".

Baş epidemioloq qeyd edib ki, Azərbaycanda koronavirus epidemiyası yoxdur:

"Heç bir şəxsə bununla bağlı diaqnoz qoyulmayıb. Azərbaycan dövləti heç bir yoluxucu xəstəliyi gizlətməyib, gizlətməyəcək də. Gizlətməyə heç bir əsas yoxdur. Biz xalqın düşməniyik ki, ölkə ərazisində xəstəlik baş verdikdə, bunu gizlədək?

Ölkədə Ümumdünya Səhiyyə Təşkilatının və digər təşkilatların nümayəndəlikləri var. Onlar da bu barədə məlumat verirlər. Yoluxucu xəstəliklərlə mübarizə aparmaq üçün lazım olan avadanlıqlarımız var".


Etiketlər:  Ölkəmizdə koronovirus varmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ