Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 00:46
BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok koronavirusun yayılmasına qarşı mübarizəyə fövqəladə yardım fondundan 15 milyon dollar ayrılmasına razılıq verib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə söyləyib.
Bildirilib ki, bu vəsait Dünya Səhiyyə Təşkilatına və UNICEF-ə virusun yayılmasına nəzarət tədbirləri, yoluxma hallarının araşdırılması və milli laboratoriyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün verilir.
BMT Baş katibinin humanitar məsələlər üzrə müavini vurğulayıb ki, yoluxma hallarının aşkarlanması, karantin tədbirlər, pasiyentlərə kömək göstərilməsi, eləcə də xəstəliyin yayılmasının qarşısının alınması və insanların həyatının xilas edilməsi məqsədilə koronavirus aşkarlanmış adamların əlaqədə olduğu şəxsləri yoxlamaq üçün təcili işlər görülməlidir.
Xatırladaq ki, 2019-cu ilin dekabrında Mərkəzi Çinin əhalisi sıx olan Uxan şəhərində koronavirusun yeni növü qeydə alınıb. Dünya Səhiyyə Təşkilatı bunu çoxsaylı ocaqları olan epidemiya kimi xarakterizə edərək, beynəlxalq miqyaslı fövqəladə hal kimi tanıyıb. Çindən başqa, epidemiyanın daha çox yayıldığı ölkələr Cənubi Koreya və İtaliyadır. Ümumilikdə 72 ölkədə virusa yoluxma halı qeydə alınıb. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Çində koronovirusdan 2,9 min nəfər ölüb, 44,4 min nəfər sağalıb, epidemiyaya yoluxanların sayı 80 mini ötüb.