Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 07:50
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) COVID-19 virusuna qarşı vaksin yaradılmasına görə 200 min dollar məbləğində mükafat təsis edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
Qeyd olunub ki, pul mükafatı koronavirusa qarşı vaksin hazırlayacaq şəxsə və ya tədqiqat aparan qrupa veriləcək. ISESCO-nun baş direktoru Salim Əl-Malikin sözlərinə görə, təşəbbüs qlobal pandemiya təhlükəsi yaradan virusun qarşısının daha tez alınması məqsədilə irəli sürülüb. O əlavə edib ki, koronavirus qlobal sosial-iqtisadi böhrana da səbəb ola bilər. "Mükafatın təsis edilməsi ISESCO-nun elmi tədqiqatların dəstəklənməsi çərçivəsində həyata keçirilib. Biz hökumətləri, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti institutlarını bu təhlükəli virusun qarşısının alınması üçün səyləri birləşdirməyə çağırırıq", -deyə Əl-Maliki vurğulayıb.
ISESCO-nun baş direktoru koronavirus infeksiyasından vəfat edənlərin ailələrinə başsağlığı verib, müalicə olunan şəxslərə tezliklə şəfa tapmalarını arzulayıb.