Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 20:26
Binəqədi rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus avtomobillərin şüşəsini sındıraraq oğurluq cinayətləri törədən dəstə üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini İbrahim Məmmədov və Neftçala rayon sakini Abdul Musazadə tutularaq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı onların Binəqədi rayonunda 1 gecədə 21 avtomobilin şüşəsini sındıraraq nəqliyyat vasitələrinin salonundan pul, ehtiyat hissələri və digər qiymətli əşyalar oğurladıqları məlum olub. Qeyd edək ki, saxlanılan şəxslər oğurluğa İbrahim Məmmədova məxsus "Saipa" markalı nəqliyyat vasitəsi ilə gediblər. Tutulan zaman həmin avtomobilin yük yerindən dəstə üzvlərinin oğurluq yolla əldə etdikləri əşyaların bir qismi maddi sübut kimi aşkar olunaraq götürülüb. Hər iki şəxs ifadəsində törətdikləri cinayəti etiraf ediblər.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İbrahim Məmmədov və Abdul Musazadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.