Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Belə zəif oynamağımız yadıma gəlmir'' - Ayxan Abbasov

''Belə zəif oynamağımız yadıma gəlmir'' - Ayxan Abbasov

Tarix: 7 Mart 2020 20:22

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Qəbələ"yə 0:5 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- "Qəbələ"ni təbrik edirəm. Onlar bu gün qələbəni bizdən çox istədilər. Əsl əzmkar komandadır. "Sumqayıt"da işlədiyim müddət ərzində belə zəif oynamağımız yadıma gəlmir. Danışılası bir şey yoxdur. Çox pis məğlubiyyətdir. Çalışacağıq ki, toparlanaq və gələn oyuna hazırlaşaq.

 

- "Sumqayıt" ilk qola qədər pis təsir bağışlamırdı. Hesab açılandan sonra oyunun axarı tamamilə dəyişdi. Bu nəticə bir qəzadır?

- Futbolçuları başa düşürük, onlar da insandır. Amma biz komandanı oyuna hazır eləmişdik. "Qəbələ"nin evdə belə qələbələri var. Burada "Səbail"i və "Zirə"ni yaxşı oyunla udmuşdular. Bilirdik ki, buranın havası da komandamızın istədiyi kimi olmayacaq. İndi isti başla nə isə demək olmur. Bu, mənim üçün böyük məğlubiyyətdir və bundan nəticə çıxarmalıyıq.

- Siz komanda uduzanda belə, heç vaxt futbolçuları tənqid etmirsiniz. Həmişə onların tərəfini saxlayırsınız. Bu gün hamı Mehdi Cənnətovla Elvin Bədəlovun səhvlərini gördü. Xahiş edirəm, bu dəfə onların tərəfini saxlamayın və açıq deyin: siz bu futbolçuları məcburiyyətdən oynadırsınız?

- Hamısı mənim futbolçularımdır. Qələbələri də onlarla qazanırıq. Kubokda yarımfinala vəsiqə qazanan da bu komandadır. "Qarabağ"ı məğlub etmişik və bu gün hələ ki, dördüncü yerdəyik. Bir oyuna görə hər şeyi futbolçuların üstünə ata bilmərəm. Əlbəttə, günah varsa, birinci baş məşqçidədir. Zəif oyunlar olur. Vurğun zədəlidir, Cəmaləddinin dörd sarı vərəqəsi var idi. Mehdi Şərifi xəstədir. Böyük seçim imkanımız yoxdur. Amma bu, o demək deyil ki, biz təslim olmalıyıq. Daha məsuliyyətli olmalıyıq. Biz də, futbolçular da bilməliyik ki, belə səhvlər etməyə ixtiyarımız yoxdur. Bu, bizə gələcəkdə böyük çətinliklər yarada bilər.
 
- Final fitini gözləmədən texniki zonanı tərk etdiniz...

- Bu, normaldır. Rəhbərlər də qələbə gözləyir. Belə məğlubiyyət onlar üçün də çətindir. Əvvəl uduzduğumuz oyunlarda belə, göstərdiyimiz futbol hamı tərəfindən rəğbətlə qarşılanırdı.

- Ölkə xaricindən gələn futbolçularınız bu gün çox zəif təsir bağışladı. Ola bilərmi ki, ailələrindən uzaq düşdüyü üçün bir az psixoloji problem yaşayırlar?

- Mən onlarla daim söhbət edirəm, problemləriylə maraqlanıram. Mehdinin də, Peymanın da ailəsi buradadır. Psixoloji hazırlıq cəhətdən hər şey normaldır. Bu gün "Qəbələ"nin qələbəni bizdən daha çox istəməsini qeyd etməliyik. Bütün mövqelərdə bizi üstələdilər.

- Qış fasiləsinədək izlədiyimiz komandadan əsər-əlamət görmürük. Nəticələr qeyri-sabitdir. Həmin şən futbolu izləmirik. Nə baş verir?

- Antalya toplanışından qayıdanda hamı "Sumqayıt" barədə fikir bildirirdi, mən isə deyirdim ki, çempionatın ab-havası tam başqadır. Çox futbolçumuz var ki, təcrübəsi yetərincə deyil. Hələlik turnir cədvəlində istədiyimiz pillədəyik. Əsas odur ki, bu durumdan çıxmaq lazımdır. Belə oyunlardan sonra daha zəif olsaq, əlbəttə, sonra bizə daha çətin olacaq


Etiketlər:  Belə zəif oynamağımız yadıma gəlmir Ayxan Abbasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ