Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 08:36
Futuristlər inanırlar ki, rəqəmli ölümsüzlüyün bir neçə yolu var. Hər şeydən öncə, elm adamları bir gün bədənin qocalmasına və həyati funksiyaların məhv olmasına cavabdeh olan genləri aşkar edib dəyişdirə biləcəklər və bundan sonra ikiqat qazanc əldə edəcəyik: əbədi yaşamaqla yanaşı (və ya ən azından daha uzun), həm də gənc qalacağıq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, 2014-cü ildə Harvardın elm adamları təcrübə apararaq, siçanların yaşlanmasını dayandırdılar və hətta birdəfəlik ləğv etdilər. Ancaq genlərlə zarafat etmək olmaz. Nəticələr dəhşətli ola bilər deyə, bu, hələlik insanlar üzərində sınaqdan keçirilməyib.
İkinci variant: dəyişiləcək orqanların necə yarandığını və məsələn, qocalmış ürəyin yerinə yenisinin necə qoyulmasını öyrənəcəyik. Buna bənzər bir şey artıq mövcuddur: süni orqanlar və toxumalar heyvanlar üçün istifadə edilib və hətta transplantasiya olunub. Amerikalı futuroloq, ixtiraçı Rey Kurzveyl hesab edir ki, bəşəriyyət artıq ölümsüzlüyə çox yaxınlaşıb. Tezliklə nanotexnologiyalar ortaya çıxacaq, qan dövranı sisteminə daxil ola biləcək mikroçiplər meydana gələcək ki, onlar daxili orqanları sağaldacaq və yaşlanmaya nəzarət edəcək.
Canlı insan hüceyrələrini istifadə edən süni orqanların 3D çap texnologiyası artıq mövcuddur
İnsanın düşüncələri, xatirələr və eyni xarakterlə yeni bədəndə avatarın yaradılması olan rəqəmli ölümsüzlük - ən yaxşı yol olsa da, burada problem ortaya çıxır. Məsələn, şüurun nə olduğunu və necə işlədiyini hələ heç kim dəqiq bilmir. Bəlkə də, 2005-ci ildə gerçəkləşdirilən "Mavi beyin" layihəsi bu məsələdə köməyə gələcək. Bu, mürəkkəb bir orqanın necə işlədiyini və insanın şəxsiyyətinin, şüurunun necə meydana gəldiyini anlamağa kömək edəcək beyindəki rəqəmlərin quruluşudur.
İndiyə qədər layihə qrupu siçan beyninin elektron nüsxəsini yaratmağı bacardı. İndi növbə insanın olsa da, bunu on il gözləmək lazım gəlir.
İnsanlar rəqəmli ölümsüzlüyü 2 səbəbdən arzu edirlər: onlar həm özləri əbədi yaşamaq istəyirlər, həm də yaxınlarını itirmək istəmirlər. Artıq internet fəaliyyəti əsasında insanın eynisini düzəltmək mümkün olacaq. Məsələn, insan həyatda olmasa da, süni intellekt insanın hansı sosial şəbəkələrdə olduğunu, onun fəaliyyətini proqnozlaşdıra da bilər.
Bu prinsiplərlə Elrois, ya da Eterni.me şirkətləri işləməyi planlaşdırır. Ölmüş insanın şəbəkədə mövcud olan informasiyaları əsasında virtual kopyasını yaradırlar, arzu edənlər bu avatarla söhbət edə bilərlər. O, həmin insanın smaylik və ifadələrindən istifadə edərək cavab verəcək.
Ölümsüz olmaq üçün yeni bədən yetişdirməyi və bütün şüuru kompüterə köçürməyi öyrənməliyik
İnsanı ölümsüzləşdirən digər variant rəqəmli dəfn bürosudur. Bunu artıq İsveçdə testdən keçiriblər. Burada analoji texnologiya mövcuddur: chatbotlar sosial şəbəkələr və insan e-poçtunun təhlili nəticəsində yaradılır. Yeri gəlmişkən, robot ölən insanın səsi ilə danışacaq. Bunun üçün dəfn agentliyi, eksperimentdə iştirak edəcək könüllülər toplayır.
Başqa bir layihə Digital Immortality Now ("Rəqəmli Ölümsüzlük - İndi") adlanır. O, eyni fəaliyyətə malikdir, amma fərq ondadır ki, onun yaradıcıları yalnız passiv məlumat toplamırlar, bir insanı seçib onunla ünsiyyət qururlar, müxtəlif testlərdən keçməyi təklif edirlər. Beləliklə, "neyrobiologiya, məlumat nəzəriyyəsi və incəsənət" simbiozu yaranır. Layihə, yaşlı insanların, əsasən biliklərini və xatirələrini qorumağa yönəlib ki, sonradan bunlardan istifadə oluna bilsin.
Rusiyalı iş adamı Dmitri İtskov, insan zehnini robot avatarının bədəninə köçürərək rəqəmsal ölümsüzlüyü sadə və hətta çox zəngin olmayan insanlara 2045-ci ilə qədər əlçatan edəcəyini vəd edir. O, artıq layihəyə adlı-sanlı mühəndisləri, robototexnika və neyrobioloqları dəvət edib.
Nə zaman şüuru tamamilə kompüterə köçürmək mümkün olacaq?
Rəqəmli ölümsüzlüklə bağlı düşünüb beyni çox yormaq olar. Məsələn, əgər bu rəqəmsal nüsxəni əvvəlki beyin qabığı öldükdən sonra yaradırlarsa, insan sağ ikən bunu etmək mümkündürmü? Məğzinə görə bu klon yaratmağa bənzəyir. Bəs əgər bir beyin qabığına iki şüur yerləşdirilərsə, bu nələrə səbəb olar? Rəqəmli şüuru birdəfəlik yox etmək olarmı? O viruslara yoluxa bilərmi?
Rəqəmli ölümsüzlük, çox güman, bahalı xidmət olacaq və buna görə də hər kəs yararlana bilməyəcək. Hələ bu cür konsepsiyanın dünyəvi dinlərlə uzlaşması haqqında düşünmək isə çox çətindir.
Futuroloq Yan Pirson xəbərdarlıq edir: biz şüuru müəyyən bulud yaddaşına yükləyirik. Şirkətlər virtual insanlardan şəxsi məqsədləri üçün istifadə edə bilər. Məsələn, xəbəriniz olmadan varlı insanlara , hətta orduya xidmət üçün sizin klonlarınız yaradıla bilər.
Bəzi alimlər deyirlər ki, insan beynini heç bir texnologiya ilə yenidən yaratmaq mümkün deyil. Məsələn, neyrobioloq Migel Nikolelis beynin dad və intuisiya daxil olmaqla, kiçik detallarla rəqəmsal daşıyıcılara köçürməyin mümkünlüyündən şübhəlidir. Belə görünür ki, insan şüuru doğurdan da təkrarolunmazdır...