Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 10:36
Bakı. Trend:
Bakı şəhərində nəqliyyat axınına müsbət təsir edəcək, yollarda olan sıxlığı aradan qaldıracaq və vətəndaşların rahat gediş-gəlişini təmin edəcək yeni avtomobil yolları layihələrinin işlənib hazırlanması və yerinə yetirilməsi ilə bağlı dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər görülür.
AAYDA-dan Trend-ə verilən məlumata əsasən, bu tədbirlər çərçivəsində agentlik tərəfindən 2019-cu ildə Bakı şəhərinin Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan yeni bağlantı yol tikilərək istifadəyə verildi. 2020-ci ildə də bu çərçivədə Yasamal rayonu ərazisində tikinti işləri aparılıb.
Söhbət Bakı Dairəvi avtomobil yolunu Yeni Yasamal yaşayış massivi ilə, daha dəqiqi Dadaş Bünyadzadə küçəsi ilə birləşdirən yeni bağlantı yolundan gedir. Yeni yolun uzunluğu 820 metrdir. Yol 2 hərəkət zolaqlı olmaqla inşa edilib. Yol yatağının eni 10-12 metr, hərəkət hissəsinin eni isə 7.5-8 metr təşkil edir.
Tikinti layihəsinə uyğun olaraq yeni yol yatağı inşa olunub, yolun profilə salınması üçün müvafiq işlər görülüb. Daha sonra layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsası salınıb. Bura optimal tərkibli qum-çınqıl qarışığından alt və qum-qırmadaş qarışığından üst layının inşası işləri aparılıb.
Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələdə 2 laydan ibarət asfalt-beton örtüyü döşənib.
Bundan başqa yeni yolu kənarı ilə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər bir istiqamət üzrə 1.8 metr enində yeni piyada səkiləri inşa edilib, kənarlarına 3500 p/metr yeni səki daşı düzülüb.
Yeni yolun inşası ilə Bakı Dairəvi avtomobil yolu ilə Yeni Yasamal yaşayış massivi ilə əlavə olaraq daha bir yeni bağlantısı yaradılıb. Nəticədə sürücülərin Yeni Yasamal yaşayış massivinə daxil olub-çıxması zamanı, xüsusən günün pik saatlarında Bakı Dairəvi avtomobil yolunun yaşayış massivinə gedən hissəsində yaşanan sıxlıq və tıxac xeyli dərəcədə azalıb. Bu isə öz növbəsində sürücülərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvan başına çatmasına şərait yaradır.
Bütün işlər AAYDA-nin rəhbərliyinin şəxsi nəzarəti altında yüksək keyfiyyətlə və sürətlə aparılıb. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.