Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2020 15:21
Həkimlərin müşahidələrinə görə, adi suyun kifayət miqdarda qəbulu bütün böyrək xəstəliklərinin inkişafı riskini xeyli azaldır.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, rusiyalı nefroloq Olqa Xarçenko kp.ru-ya müsahibədə bunu qeyd edib. Həkimin sözlərinə görə, böyrəkləri istənilən xəstəliklərdən qorumaq üçün gün ərzində 1-1,5 l təmiz qazsız su içmək lazımdır.
Su sidikdə duzların miqdarını azaldaraq böyrək daşı xəstəliyinin inkişafına mane olur. Əgər insan böyrək daşı xəstəliyinə meyllidirsə suyun qəbulunu daha da artırmaq lazımdır.
Böyrək, sidik kisəsi, sidik yolları iltihabları zamanı çoxlu su içmək müalicənin effektivliyini artırır. Digər tərəfdən su belə iltihabların profilaktik vasitəsi sayıla bilər.
Həmçinin həkim qeyd edib ki, suyun kifayət miqdarda qəbulu sidik kisəsi xərçənginin inkişafı riskini da azaldır. Sidik kisəsi yaxşı yuyulur və bu da orada toksinlər və digər ziyanlı maddələrin qalmasına mane olur.
Su ağır, müalicə olunmayan böyrək xəstəliyi - böyrək polikistozunun inkişafını ləngidir. Bu ağır xəstəlik zamanı böyrəklərin üzərində çoxlu sayda kistlər əmələ gəlir. Bu kistlər böyrəklərin sağlam toxumalarını dağıdır ki, nəticədə böyrəklər tədricən ölür. Bu səbəbdən belə xəstələrin 50%-dən çoxunda dializ və ya böyrək transplantasiyasını tələb edən böyrək çatışmazlığı inkişaf edir.
Nefroloq qeyd edib ki, sudan fərqli olaraq şirin qazlı içkilər böyrəklərin sağlamlığına çox ciddi ziyan vurur.