Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2020 15:06
123 Azərbaycan vətəndaşı çarter reysi ilə Macarıstandan təxliyə edilib.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.
V.Quliyev bildirib ki, Macarıstandakı azərbaycanlıları üç qrupa bölmək olar:
"Birinci qrupa burada yaşayanlar daxildir. Onların burada mənzilləri, iş yeri var və koronavirusun yayılması səbəbindən ölkəni tərk etmək niyyətində deyillər. İkinci qrup - tələbələrdir. Macarıstanda Hugaricum təqaüd proqramı ilə 800-dən çox azərbaycanlı tələbə təhsil alır. Üçüncü qrup - bir neçə gün əvvəl Budapeştə gələn turistlər, iş adamlarıdır. Martın 15-də Macarıstanın "Wizzair" aviaşirkətinin uçuşları dayandırıldıqdan sonra ölkəmizin Xarici İşlər Nazirliyi ilə çarter reysinin təşkili barədə danışıqlar apardıq. Azərbaycan öz vətəndaşları üçün maksimum fəallıq və qayğı göstərdi, nəticədə martın 18-də Budapeştə çarter reysi həyata keçirildi, 50 nəfər tələbə daxil olmaqla 123 Azərbaycan vətəndaşı ölkəyə gətirildi. Macarıstandakı Azərbaycan vətəndaşları ilə əlaqə saxlayırıq, onlarla əlaqə qurmağı asanlaşdırmaq üçün hamısını səfirlikdə qeydiyyatdan keçməyə dəvət edirik. Ümumilikdə, vəziyyət nəzarət altındadır. Sutka ərzində qaynar xəttimiz fəaliyyət göstərir. Hər an vətəndaşlarımıza kömək etməyə hazırıq. Bu bizim işimizdir".
Macarıstandakı vəziyyətə gəlincə, səfir qeyd edib ki, ölkə koronavirusun yayılmasına qarşı uğurla mübarizə aparır:
"Martın 16-da Macarıstanda fövqəladə vəziyyət elan edildi, bütün sərhədlər bağlanıb. Ölkədə komendant saatı tətbiq oluna biləcəyi ilə bağlı xəbərlər var. Macarıstanda hazırda 112 nəfər koronavirusa yoluxub, 117 nəfər karantindədir, 7 nəfər sağalıb, 5 nəfər virusdan vəfat edib. Ümumiyyətlə, ölkədə sakit bir atmosfer var, insanlar dövlət orqanları ilə əməkdaşlıq edir, mağazalar məhsullarla doludur".