Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2020 22:26
İtaliyanın "Yuventus" klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu yay transfer pəncərəsində Fransanın "Paris Sen-Jermen" və ya İngiltərənin "Mançester Yunayted" klubuna keçə bilər.
Sonxeber.net bildirir ki, AZƏRTAC "AS" nəşrinə istinadla xəbər verir ki, hər iki klub təcrübəli futbolçuya təklif göndərib. Mənbənin bildirdiyinə görə, "Paris Sen-Jermen" İspaniyanın "Barselona" klubuna dönüşü gündəmdə olan Neymarı Ronaldu ilə əvəzləmək istəyir. Lakin Kriştianu 2003-2009-cu illərdə formasını geyindiyi "Mançester Yunayted"ə qayıtmağa daha meyillidir. Lakin bu, "qırmızı şeytanlar"ın UEFA Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olacaq. "Mançester Siti"nin UEFA tərəfindən məruz qaldığı sanksiya hazırda 5-ci yerdə gedən "Mançester Yunayted"in ən nüfuzlu klub turnirinə yolunu aça bilər.
Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"a 2018-ci ilin yayında İspaniyanın "Real Madrid" komandasından 117 milyon avroya keçib. Onun hazırkı müqaviləsi 2022-ci il iyunun 30-dək qüvvədədir və transfer qiyməti 75 milyon avrodur. Bu mövsüm Ronaldu klub səviyyəsində bütün yarışlarda 32 oyunda 25 qol və 4 məhsuldar ötürmə müəllifi olub.