Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağsu dezinfeksiya edilir - Bina və küçələr dərmanlandı

Ağsu dezinfeksiya edilir - Bina və küçələr dərmanlandı

Tarix: 27 Mart 2020 10:58

Ağsu rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının vaxtında alınması məqsədilə tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir.

Milli.Az xəbər verir ki, rayon icra hakimiyyətindən Trend-ə verilən məlumata görə, Ağsu rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Bakı şəhərindən dəvət olunmuş "Deziline" MMC-nin mütəxəssisləri tərəfindən Ağsu şəhərində ümumi uzunluğu 25 kilometrdən çox olan 8 küçə, şəhərə 4 istiqamətdən giriş yolları, ümumilikdə 32 çoxmənzilli ictimai yaşayış binası, Heydər Parkı, Mədəniyyət və istirahət parkı dezinfeksiya olunub.

Bundan əlavə, 16 kənd icra nümayəndəliyinin inzibati binasında və bir sıra poçt filiallarında dezinfeksiya işləri görülüb. Əsasən yollar, bina blokları və park əraziləri xüsusi dezinfeksiyaedici məhlullarla dərmanlanıb.

Xüsusi karantin rejimi şəraitində həyata keçirilməsi zəruri sayılan tədbirlərdən biri də 65 yaşdan yuxarı insanların evdən çıxmağının qadağan edilməsi, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinin təmin edilməsi barədədir.

Rayon ərazisində yaşayan tənha sakinlərin sosial-məişət şəraiti, əsas təlabat mallarına, dərman vasitələrinə və tibbi ləvazimatlara olan ehtiyacları öyrənilib. RİH tərəfindən Ağsu şəhərində tənha yaşayan 65 yaşdan yuxarı bir sıra sakinlərə, eyni zamanda Abasxanlı kənd sakinləri 125 yaşlı Nənəş Hüseynova və 105 yaşlı Sədəfbəyim Mehdiyevaya ərzaq yardımı verilib.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirlərində yaxından iştirak edən YAP Ağsu rayon təşkilatının könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdir" aksiyası çərçivəsində rayon ərazisində yaşayan bir qrup tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkib, onlara infeksiyadan qorunmaq və sağlamlığın müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırıblar.

Görülmüş bu tədbirlərlə yanaşı aidiyyəti qurumlar tərəfindən rayon əhalisi arasında özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək barədə maarifləndirmə işləri aparılır.

Ağsu rayonu ərazisində profilaktiki tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Milli.Az


Etiketlər:  Ağsu dezinfeksiya edilir Bina küçələr dərmanlandı


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ