Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 18:06
İsmayıllı rayonu Tubikənd kəndinin ərazisində yandırılmış və vəhşi heyvanlar tərəfindən sümüyünə qədər gəmirilmiş kişi cəsədi tapılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə oxu.az-a rayonun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Martın 28-də yerli sakinlərdən biri kənd yolunun yaxınlığında yerləşən meşə zolağında insan cəsədi aşkar edib.
Ehtimal olunur ki, şəxsiyyəti hələlik məlum olmayan 30-40 yaşlarında olan kişi qəsdən qətlə yetirilib. Cinayət meyitin aşkar edilməsindən bir həftə əvvəl törədilib.
İstintaqın qənaətinə görə, qətlə yetirilən şəxs yerli sakin deyil. Cinayət başqa yerdə törədilib, daha sonra cəsəd Tubikənd kəndinin ərazisinə atılıb.
Qətlin hansı formada həyata keçirildiyi hələ təyin edilməyib.
Sözügedən bölgədə itkin düşmüş şəxslərin məlumat bazasının yoxlanılması da nəticə verməyib.
Qeyd edək ki, insan cəsədinin tapıldığı yerin yaxınlığında yanmış "Dolge Gabana" emblemli göy rəngdə cins şalvar, "Calvin Klein" markalı dəri kəmər, açıq mavi rəngli, içərisi açıq qəhvəyi rəngli xəzdən ibarət parça gödəkçə, qara rəngli "Kiton" firmasına məxsus toxunma zolaqları olan köynək olub.
Əməliyyatçılar ehtimal edir ki, geyim əşyaları qətlə yetirilən şəxsə məxsusdur.
Vəhşi heyvanların cəsədin üzünü gəmirməsi öldürülən insanın şəxsiyyətini müəyyənləşdirməyə mane olur. Öldürülən şəxsin xüsusi əlaməti kimi qoyulma üç qabaq dişlərini qeyd etmək olar.
Öldürülən şəxsin boyu 165-180 sm arasındadır, qan qrupu üç müsbətdir.
Qeyd edək ki, qətlin istintaqı İsmayıllı Rayon Prokurorluğunda aparılıb.
Polis əməkdaşları xahiş edirlər ki, bu şəxs haqqında məlumatı olanlar (+994 50) 280 45 00 nömrəsinə zəng edərək, ölən adamım şəxsiyyətini müəyyən etməkdə kömək etsinlər.