Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 22:40
Azyaşlı uşaqları həyətyanı sahədə otlamağa məcbur edən və bunu videoya çəkərək paylaşan şəxslər aşkarlanıb, barələrində aidiyyəti tədbirlər görülür.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yayıb.
Bildirilib ki, bu cür hallara yol verən şəxslərə qarşı ölkə qanunvericiliyinə əsasən müvafiq cəza tədbirləri nəzərdə tutulub: "Son günlərdə uşaqlara qarşı alçaldıcı hərəkətlər edilərək və sosial şəbəkələrdə paylaşılması ilə bağlı yayılan məlumatlar haqlı olaraq cəmiyyətdə böyük təəssüf və qəzəb hissi ilə qarşılanıb. Valideynlərin diqqətinə çatdırırıq ki, uşaqların şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərən, onların mənəviyyatını aşağılayan bu kimi halların baş verməsi və sosial şəbəkələrdə paylaşılması məktəbdə, cəmiyyətdə həmin uşaqların psixoloji basqı ilə üzləşməsinə gətirib çıxardaraq daha ciddi mənfi nəticələrə səbəb olur və ictimaiyyət arasında xüsusi narahatlıq doğurur.
Qeyd olunan faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara müraciət edilib. Müvafiq qaydada faktın araşdırılması, günahkar şəxslərin ölkəmizin qanunlarına müvafiq qaydada cəzalandırılması istiqamətində addımlar atılacaq. Hazırda pandemiya ilə mübarizə şəraitində dövlətin həssas ailələrin yanında olaraq onların sosial vəziyyətinə mənfi təsirlərin azaldılması istiqamətində həyata keçirdiyi tədbirlərə rəğmən, bəzi vətəndaşların sosial məsuliyyətsizliyi, görülən işlərə kölgə salmaq mövqeyindən çıxış edərək cəmiyyətdə pozuculuq fəaliyyəti xalqımızın həmrəylik prinsiplərinə ziddir və hər bir vətəndaşı bu çətin günlərdə birgə olmağa, qarşılıqlı olaraq dövlətimizə və bir-birimizə dəstək olmağa səsləyirik.
Məsələ ilə bağlı hadisəni törədən və videoya çəkərək paylaşan şəxslər artıq aşkarlanıb və həmin şəxslər barəsində aidiyyəti tədbirlər görülür".