Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 22:03
Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə bildirib.
Dövlət başçısı qeyd edib:
"Əlbəttə ki, həyat yerində durmur, həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir. Əslində, islahatların yeni mərhələsinə start 2018-ci ilin Prezident seçkilərindən sonra verilmişdir. Mənim andiçmə mərasimindəki çıxışımda inkişafımızın və islahatların bütün istiqamətləri açıq-aydın göstərilmişdir. Ondan sonra biz bu islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır - həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək.
Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi - sosial sahədə, eyni zamanda, siyasi sahədə. Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək. Biz bu islahatların gözəl nəticələrini görürük. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bizim kifayət qədər güclü siyasi iradəmiz var. Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik".