Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2019 14:24
Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror F.Yusubun 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi iyunun 11-də davam etdiriləcək.
Qeyd edək ki, Gülnarə Şəkinskaya qardaşı F. Yusubla birlikdə qadının keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur.
G.Şəkinskaya və onun qardaşı F.Yusub barəsində axtarış elan olunub. “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.
O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin