Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 12:35
Sonxeber.net buta.ws-ə istinadən xalq artisti Mələkxanım Eyubova ilə müsahibəni təqdim edir:
- Mələkxanım xanım, karantin müddətini harada və necə keçirirsiz?
- Karantin müddətini evimdə ailəmlə birgə keçirirəm. Amma müəyyən vaxtlar efirlərə çağırılıram və gedirəm. Ailəmlə birgə oluram çox vaxt.
- Nəyə görə muğamlarınızda ən çox Əliağa Vahidin qəzəllərindən istifadə edirsiniz?
- Bizim elə ağır dəstgahlarımız var ki, orada mütləq Seyid Əzim Şirvanidən, Füzulidən, Nəsimidən istifadə edirik. Əliağa Vahid bizim müasir qəzəlxanımızdır. Əliağa Vahidin qəzəlləri xalqın dilinə daha çox yaxındır. Biz dəstgahları yazıb fonda qoyuruq, onları hər gün oxumuruq. Dili çətin olan qəzəlləri xalqımız başa düşə bilmir. Amma Əliağa Vahid və onun davamçılarını xalq daha yaxşı həzm etdiyi üçün daha çox onlardan istifadə edirik.
- Mələkxanım xanımın gözəl və təravətli qalmağının sirri nədir?
- Mən həmişə də açıqlamışam ki, hələ estetik əməliyyatlar olmayan vaxtdan məndən necə gözəl və yaşımdan gənc qalmağın sirrini soruşurdular. Hələ o vaxt yaşımın o çağı da deyildi. Həmçinin 30-35 yaşdan sonra, əsasən də, biz sənət adamlarında daha çox yaşlanma biruzə verir. İşıqların altında, makiyajda qalmaqdan... Ağır həyat tərzi keçiririk. Əgər bir xanım həftədə 1-2 dəfə bəzənib harasa gedirsə, biz bəzən gecələr makiyajla yatmalı oluruq. Mənim yaşımdan çox cavan görünməyim o vaxtlar çoxunu qıcıqlandırmırdı. Mən təbii yollarla belə qalıram. Daima idmanla məşğul oluram, təbii masajlar qəbul edir, maskalar, vitaminlər istifadə edirəm. Estetik prosedurlardan istifadə edirəm. Amma nə dərəcədə. Hamımız bilirik ki, mezolar xüsusi vitaminlərdir. Deməli, əgər mənim yaşım 50-ni keçibsə, bu, mənə mütləq vacibdir. Mezolardan, vitaminlərdən istifadə edirəm. Amma botoks, dolğunu qətiyyən etmirəm, etməmişəm də. Mən bunları yenidən gündəmə gətirmək istəmirəm, əslində. Mən təbiiliyə üstünlük verən insanam.
- Bəs təravətli qalmağınızda həyat tərzinin rolu varmı?
- Həyat tərzim də gözəlliyimə təsir göstərir. Çünki mən uşaqlıqdan gözəl həyat tərzi keçirmişəm. Əzab-əziyyətlə böyüməmişəm. Düzdür, hamımız əziyyət çəkmişik, amma mənim həyat tərzim gözəl olub. Həmişə səhnələrdə , gözəl məclislərdə olmuşam. Əlbəttə, bunlar da mənim görünüşümə təsir edir. Xarici ölkələrdə səfərlərdə, qostrol səfərlərində olmuşam. Evdə 4 uşağıma da köməkçilərim baxıb. O əziyyətdən də məni biraz xilas ediblər. Genetika da görünüşə təsir göstərir. Genetikanın çox böyük əhəmiyyəti var. Adam var 20-30 yaşı var, nə qədər özünə baxsa da 40-50 yaş verərsən. Nənəmin 90 yaşı var idi, amma bir üzü var idi ki, şüşə kimi. Genetikamızda bu var. Bunu insanlar bilmirlər. Nə gəldi yazırlar. Olmaz belə.
- Əsl sənətkar sizə görə necə olmalıdır?
- Mən şəxsən bu gün sənətkar adını qazanmışamsa, bunu təkcə sənətimlə yox, xanımlığımla, tərbiyəmlə qazanmışam. Mədəniyyətimi uşaqlıqdan bu günə kimi qoruyub saxlamışam. Öz müəllimim həyatda olmasa da, hər 5 ildən bir yubileyini keçirirəm. Bunu həm də örnək üçün edirəm ki, gənclərimiz bilsin ki, müəlliminə necə hörmət etmək lazımdır. Öz xalqıma layiqli vətəndaş olmuşam. Artıq 20 ildir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professoram, tələbələr yetişdirirəm. Bunların hamısı elə belə olmayıb.
- Bu aralar sizi narahat edən hansı məqamlar var?
- Mənim axır vaxtlar insanlardan bir az narazılığım var. Onun da çoxunu xanımlar çoxluq təşkil edir. Bəzən elə sərt sözlər yazırlar ki, onları xalqın əsl nümayəndələri hesab etmirəm. Məni sevməyən insan düşünmürəm. Çünki mən artıq 40 ildir öz sənətimlə, mədəniyyətimlə, tərbiyəmlə, əxlaqımla xalqıma xidmət edirəm. Əsl xalqın nümayəndələri var ki, inanmıram ki, onlar mənim haqqımda hansısa mənfi fikirdə olsunlar. Mənim düzgün danışmağım, səmimi olmağım da qeyri-səmimilik deyil. İllərdi bu sənətdə heç vaxt yalan danışmamışam. Qeyri-səmimilik yaradacaq bir hərəkət etməmişəm. Mən nə deyirəmsə, deməli, düz deyirəm. Əgər kimlərsə bunu səhv başa düşürlərsə, deməli, o, onların öz vicdanına, tərbiyəsinə qalıb. Əgər bir xalqın sənətkarı sizə uzun illərdir mədəniyyəti, tərbiyəsi ilə sizə xidmət edirsə, ona güldən ağır söz deyilməməlidir. Sənətkar inciyir, kövrəlir. Qəlb qırmaq olmaz. Bizi dövlətimiz əzizləyir, diqqət göstərir, yaşadır. Biz də xalqımızı sevirik, sizə xidmət edirik. 5 manat pulumuz olan kimi gedib mahnı yazdırırıq ki, onların qarşısına gözəl nəğmələrlə çıxaq. Gözəl geyinib, bəzənirik ki, onların qarşısında səliqəli, sahmanlı görünək.
- Hazırkı media sizi qane edirmi?
- Media işçiləri də xüsusilə olmayan şeyləri yazanda biz pis oluruq. Mənim o yaşım yoxdur, mən uşaq deyiləm. Ailəmin, övladlarımın yanında pis rəyləri oxuyanda ayıb olur axı. Pis, nalayiq başlıqlar yazmaq tərbiyəsizlikdir. Mən bayaqdan sizə o cür gözəl sözlər deyirəm. Amma başqa başlıqlarla xəbər hazırlayanda, imkan verəndə ki, insanlar pis rəy yazsın qəlbimiz qırılır. Sənətkar kövrək olur. Bəzilərinin sənəti çatmaz ki, mənim işimi təhlil etməyə. Siz də gəncsiniz. Amma ki sizlə necə də gözəl birgə təhlil etdik. Mən hər adama müsahibə vermirəm. Suallarınızdan bildim ki, siz o deyilənlərdən deyilsiniz. Ona görə də vaxtımı sizə sərf etdim, ürəyimi sizə açdım. Mən sizdən bir xahiş etmək istəyirəm. Çalışın başlıqları düzgün yazın, reytinq xatirinə etməyin bunu. Biz istəyirik ki, media işçilərimiz daima hörmətli olsunlar. Siz bizim gənclərimizsiniz. Siz bizi xalqa gözəl təqdim etməlisiniz. Sənətkarı ucuz yollarla nüfuzdan salmaq olmaz. 10-15 dənə korifey sənətkarlarımız qalıb. Onları yaşatmaq lazımdır. Biz sizlər üçün yaşayırıq, xalqımıza, dövlətimizə xidmət edirik. Mən şəxsən dünyaya əsl Azərbaycan xanımının simasını göstərmişəm. Mən Azərbaycan xanımının adını yüksəklərə qaldırmışam. Mən istəyirəm ki, siz gənclər də hörmətli, izzətli olasınız. Ayıbdır ki, media işçiləri 40-50 ilin sənətkarına pis söz deyilməsinə göz yumur, hətta buna şərait yaradır.
- Mələkxanım xanım, karantindən sonra konsert verməyi düşünürsünüzmü?
- Əgər karantindən sonra çox insanın bir yerə yığılmasına icazə verilsə, olar. Hansısa şəkildə icazə verilsə, əlbəttə ki, konsert verəcəm.