Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 15:48
Bakı. Trend:
Azərbaycanda fəaliyyət göstərən türk iş adamları və xeyriyyə təşkilatları Ramazan ayı və koronavirus pandemiyası ilə əlaqədar ərzaq yardımı göstəriblər.
Trend-in məlumatına görə, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan nümayəndəliyi Prezident İlham Əliyevin "Biz Birlikdə Güclüyük!" şüarı başlığı altında çağırışa qoşularaq Ramazan ayının ilk günlərində koronavirus (COVID-19) pandemiyasından zərər görən yaşlı, aztəminatlı və ehtiyacı olan 800 ailəyə ərzaq və təmizlik ləvazimatları paylayıb.
MÜSİAD-ın Azərbaycan nümayəndəliyi ehtiyac sahiblərinə köməklik göstərməyi özlərinə borc bildiklərini və buna görə yardım kampaniyası başlatdıqlarını söyləyib.
Qeyd edilib ki, koronavirusla mübarizə müddətində sosial vəziyyəti daha da pisləşən ailələrə dəstək məqsədilə zəruri ərzaq və tibbi ləvazimatlardan ibarət qutular hazırlanıb.
Yardım qutuları tənha yaşayan təqaüdçülər, günəmuzd işləyən aztəminatlı ailələr, şəhid və müharibə veteranlarının olduğu ailələrdən ibarət 800 ailəyə çatdırılıb.