Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 16:21
“LG” şirkəti ən böyük və ən bahalı televizorlardan birini təqdim edib. “LG Signature” seriyasının tərkib hissəsi olan televizor “8K” təsvir ölçülü 88 düym diaqonallı “OLED” ekranla təchiz edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “LG OLED 8K” adlı model 88 və 77 düym diaqonallı olmaqla iki ölçüdə satışa çıxarılacaq. Cənubi Koreya istehsalçısı nümayəndələrinin sözlərinə görə, panel “4K” ekranlarla müqayisədə 4 dəfə çox piksel sıxlığı sayəsində maksimum dəqiq görüntü təklif edir.
88 düymlük televizorun model nömrəsi 88ZXPJA, 77 düymlüyün isə 77ZXPJA adlanır. Birinci modelin qiyməti 34 676 dollar, ikincisinin isə 23 430 dollar təşkil edəcək.
Televizorların nazik korpusla təchiz edilməsi sayəsində onlar divarda şəkili xatırladır. Həmçinin alıcılara “Artistic Sculpture Design” altlığı təklif olunacaq. Bundan başqa, səsli köməkçi funksiyası nəzərdə tutulub. Səsə gəldikdə, premium sinifli qabaqcıl televizorlar 60 vatt gücündə ön dinamiklərlə təchiz edilib. Şirkət nümayəndələrinin sözlərinə görə, dinamiklər evdə kinoteatr keyfiyyətli səs təklif edəcək.
Televizorlar görüntünün keyfiyyətini yaxşılaşdıran və səs-küyü azaldan ən yeni təsviri emal edən prosessorlara, eləcə də “8K” təsvir ölçüsünü saniyədə 120 kadradək dəstəkləyən “HDMI 2.1” çıxışları ilə təchiz olunub.
Televizorların iyunda satışa çıxarılması planlaşdırılır.
Nizam Nuriyev