Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qayıqlardan 40 min manatlıq asma mühərrik oğurlayan şəxs saxlanıldı

Qayıqlardan 40 min manatlıq asma mühərrik oğurlayan şəxs saxlanıldı

Tarix: 13 May 2020 10:30

Bakı. Trend:

Paytaxtın Pirallahı rayon sakinlərindən daxil olan çoxsaylı müraciətlər əsasında Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İdarəyə rayon ərazisində qanunla nəzərdə tutulan qaydalar çərçivəsində balıqçılıqla məşğul olan vətəndaşlardan onlara məxsus qayıqların üzərində olan asma mühərriklərin naməlum şəraitdə oğurlandığı barədə müraciətlər edilib. Zərərçəkən şəxslər izahatlarında ümumi dəyəri 40 min manata yaxın olan 6 ədəd müxtəlif markalı mühərriyin oğurlandığını bildiriblər.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törədən şəxsin axtarışlarına başlanılıb. Qısa zamanda görülən tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Pərviz Şirinov tutularaq istintaqa təqdim edilib.

O, ifadəsində bu ilin fevral ayından başlayaraq Gürgan və Zirə qəsəbələrində dəniz kənarında qayıqların mühərriklərini oğurladığını etiraf edib. Ümumilikdə isə Pərviz Şirinov cari ilin fevral-aprel ayları ərzində müxtəlif vaxtlarda 3 dəfə qeyd edilən qəsəbələrin dəniz sahilindən qayıqlardan asma mühərriklər oğurladığını bildirib. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin yaşadığı evin yardımçı təsərrüfatına baxış zamanı onun oğurladığı mühərriklər aşkar olunaraq maddi sübüt kimi götürülüb və sahiblərinə qaytarılıb. Zərərçəkən şəxslər həyata keçirilən operativ əməliyyat-axtarış tədbirlərinə və oğurlanan mühərriklərin tapılaraq onlara qaytarılmasına görə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Qeyd olunan faktlarla bağlı Su Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazilərdə, həmçinin Xəzər dənizində qanun pozuntusuna yol verən şəxslərə qarşı mübarizə və əməliyyat tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.


Etiketlər:  Qayıqlardan manatlıq asma mühərrik oğurlayan şəxs saxlanıldı


RƏYLƏR