Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 13:54
Azərbaycan praktiki olaraq regionun ən güclü ordusunu formalaşdıra bilib.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O, Azərbaycan Ordusunun hər an torpaqlarımızı erməni işğalından azad etməyə qadir olduğunu bildirib.
"Son illər həm ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, bu istiqamətdə ayrılan dövlət büdcəsinin təyinatlı olaraq artırılması və Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-iqtisadi təminatı ilə bağlı addımların atılması imkan verir ki, Azərbaycan regionun ən güclü dövləti olaraq qalmaqda davam etsin. Bu baxımdan son təlimlər və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Müdafiə Nazirliyinin digər rəhbər şəxslərinin təlimlərə nəzarət etmək üçün ön xəttə getməsi yüksək qiymətləndirilməlidir.
Nəzər alsaq ki, torpaqlarımızın 20 faizi işğaldadır, belə təlimlərin mütəmadi keçirilməsi vacibdir. Təlimlər bizim gücümüzü göstərir. Bu gücün göstərilməsi də Ermənistana mesajdır ki, Azərbaycan Ordusu gücü və potensialı ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir" - V.Bayramov vurğulayıb.
Qeyd edək ki, qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq mayın 18-də Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə başlayıb.
Təlimlərdə döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılır.
10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunan təlimlər mayın 22-dək davam edəcək.