Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 09:32
Bakı. Trend:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC paytaxt sakinlərinin genişzolaqlı xidmətlərlə təminatı üçün “Evədək optika” layihəsinin icrasını sürətləndirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, artıq “Baktelecom”un “AzEuroTel” telekommunikasiya operatoru tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda 1600 mənzil və qeyri-yaşayış sahələrindən 500-ə qədəri optik xətlər üzərindən keyfiyyətli multimedia xidmətləri ilə təmin edilib. Yaxın zamanda qoruğun bütün ərazisinin genişzolaqlı xidmətlərlə tam təchiz olunması nəzərdə tutulur.
Eyni zamanda, paytaxtın Nizami, Rostropoviç, Süleyman Tağızadə, Zərgərpalan, Bünyad Sərdarov və Abdulla Şaiq küçələrində köhnə rabitə infrastrukturunun yenilənməsi və optik şəbəkəyə keçid prosesi davam etdirilir. Hazırda görülən işlərin nəticəsi olaraq “AzEuroTel” tərəfindən 5 mindən artıq mənzil optik şəbəkəyə keçirilib.
100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik “Evədək optika” xidməti “Baktelecom”un abunəçilərinə ödənişsiz təqdim etdiyi modemlər üzərindən göstərilir.
Məlumat üçün bildirək ki, “Baktelecom” “Evədək optika” layihəsini GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında tətbiq edir. Bu texnologiya istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı verir.