Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 20:04
Bakı. Trend:
Mayın 29-da Türkiyədə tikinti və quraşdırma işləri 45 gündə tamamlanan 1008 çarpayılıq yeni xəstəxananın açılışı olub.
Trend-in məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni tip koronavirus epidemiyası ilə mübarizə çərçivəsində tikinti və quraşdırma işləri 45 gündə tamamlanan 1008 çarpayılıq, 432 reanimasiya yatağı olan Prof. Dr. Feriha Öz Təcili Yardım Xəstəxanasının açılışında iştirak edib.
“Dünyanın bir çox ölkəsində epidemiya səbəbiylə səhiyyə sisteminin çökdüyü bir dövrdə Türkiyə həm mövcud imkanlarından istifadə edərək, həm də yeni imkanlar yaradaraq fərqli bir yerə gəlib”.
Bu sözləri dövlət başçısı xəstəxananın açılışındakı çıxışında deyib.
“Türkiyənin səhiyyə sektorunda gəldiyi səviyyənin ən bariz nümunəsi olan sözü gedən xəstəxanlarımız şəfanı ölkəmizdə axtaran hər kəsə xidmət göstərəcək.
Şəhər xəstəxanalarının nə qədər əhəmiyyətli olduğunu bu dövrdə daha çox dərk edirik”, - deyə R.T.Ərdoğan bildirib.
R.T.Ərdoğan bu günə qədər 190-dan çox ölkədən tələb gəldiyini, ancaq 90-dan çox ölkəyə tibbi yardım göndərdiklərini vurğulayıb:
“Epidemiya dövründən sonra həm tibb müəssisələrimiz, həm də tibbi sığorta sistemimiz uğurlu bir model olaraq qlobal səviyyədə daha çox diqqəti cəlb edəcək. Ölkəmiz hər sahədə hədəflərinə doğru qətiyyətlə irəlilədiyi xətlə addımlayır”.