Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2020 11:38
Hazırda Almaniya bundesliqasının matçları zamanı yayımçı şirkət süni azarkeş səsindən istifadə edir – televiziya termini ilə desək “interşum”dan. Belə bir addım isə başadüşüləndir. Çünki koronavirus pandemiyasına görə oyunlar azarkeşsiz keçirilir və təşkilatçılar darıxdırıcılığı, quruluğu aradan qaldırmaq məqsədilə bu addımı atıblar.
Almaniya çempionatının yayım hüququ bizdə “İdman TV”yə məxsusdur. Kanalın direktoru vəzifəsini icra edən Rövşən Binnətli Qol.az saytına açıqlamasında deyib ki, sosial şəbəkələrdə matçlar zamanı “İdman TV”nin “Playstation” oyununun səsindən istifadə etməsi kimi fikirlər nəinki reallığı əks etdirmir, həm də əsassız və absurddur.
Onun bu sahənin bəzi adamlarının da analoji fikirlər söyləməsinə dair suala isə cavabı belə oldu: “Vahid siqnal bundesliqanı yayımlayan bütün ölkələrə, o cümlədən Azərbaycana da elə vahid formada ötürülür. Açığı, bu sahənin adamlarından kimlərin nə dediyindən xəbərim yoxdur. Sıravi azarkeşlərin bu cür düşünməsini anlayışla qarşılayıram, çünki televiziya sistemindəki prosesləri incəliyinə qədər bilmirlər. Amma əgər peşəkar belə düşünürsə, bu, təəssüf doğurmaya bilməz və müəyyən dərəcədə həm də məsuliyyətsiz yanaşmadır. Qəti olaraq bildirirəm ki, hazırda bundesliqanın oyunları zamanı eşidilən azarkeş səsi nə biz tərəfdən düşünülüb, nə də hansısa kompüter oyunundan götürülüb, sadəcə, yayımçı şirkətin düşüncəsinin məhsuludur və zənnimcə, uğurludur. Ən azı ona görə ki, səslər süni olsa da, oyunun keçirildiyi arenanın öz səsidir və məhz orada yaşanmış atmosferdir”, - deyə R.Binnətli fikrini yekunlaşdırıb.