Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nifrətdən alov doğdu

Nifrətdən alov doğdu

Tarix: 2 Iyun 2020 15:39

46 yaşlı qaradərili Corc Floydu yerə yıxıb ayağını boğazına dirəyərək sıxan, ikrahla və təşəxxüslə baxan ağdərili polis zabiti...

"Nəfəs ala bilmirəm, boğuluram! Lütfən!" - biləklərinə qandal vurularaq üzüqoylu yerə uzadılmış Floyd yalvarır.

Onu boğan polis zabiti Derek Şoven - 19 il polisdə işləyib və haqqında 17 şikayət var - ayağını Floydun boğazından çəkmir.

"Nəfəs ala bilmirəm, - Floyd yenə yalvarır, qışqırır. - Lütfən, dizinizi boğazımdan çəkin!"

Şoven onu eyninə almır. Floydu boğmağa davam edir.

Əlacı kəsilən, ümidi üzülən Floyd vəfat etmiş anasını köməyə çağırır: "Ana! Ana!.."

Şoven sığmağa davam edir.

"Yalvarıram, lütfən, lütfən..." Floyd xırıldayır: "Nəfəs ala bilmirəm"

5 dəqiqədə o, 16 dəfə "Nəfəs ala bilmirəm!" deyir.

Fəqət onun yalvarışları eşidilmir. Həmin an orada olan insanlar Şovinə "Ayağını çək, nəfəs alsın!", "Əl çək ondan!" qışqırsalar da, heç nə dəyişmir.

Şoven əsla tərəddüd etmir, dizi ilə Floydun boynunu sıxmağa davam edir.

Tam 8 dəqiqə 46 saniyə.

Son 2 dəqiqə 53 saniyədə Floyd susur, heç nə demir. Çünki o, huşunu itirib.

"Siz niyə ondan əl çəkmirsiniz axı? O, ölə bilər!" - Floydun tərpənməz qaldığını görənlərdən biri deyir. Sonra qışqırır: "Tərpənmir o! Nəbzini yoxlayın!"

Yığışmağa başlayan insanlar polis zabiti Şoveni dilə tutmağa çalışırlar: "Çək ayağını, çək..."

Şoven heç kimi və heç nəyi eyninə almır.

Hətta təcili yardım maşını gələndə, həkim Floydun nəbzini yoxlayanda belə.

Şovenin dizi Floydun boynunda idi.

Yalnız həkimlərin əmrindən sonra o, Floyddan əl çəkir.

Hennepin Medical Center-ə aparılan Floyd bir saat sonra keçinir.

Corc Floyd niyə tutulmuş, saxlanmış, onu yerə sıxmışdılar?

Dükandan siqaret alarkən verdiyi 20 dollarlıq əskinasın saxta olduğunu düşünən satıcı polisə zəng edibmiş.

Vəssəlam.

ABŞ-da son həftələrdə yaşanmış iyrənc irqçi hadisələri mən də milyonlarla insan kimi izlədim.

Corciya ştatında 25 yaşlı gənc afroamerikalı Ahmeud Arberini küçədə idman edərkən Qreqori və Trevis MakMayllar döyərək öldürüblər.

Nyu-Yorkdakı Mərkəzi Parkda qaradərili Kristan Kuper ağdərili qadın Emi Kuperə irad bildirərək köpəyini bağlamasının gərəkdiyini deyəndə qadın 911-ə zəng vuraraq polis çağırıb, "Burada bir zənci kişi məni ölümlə hədələyir!" qışqırıb.

Minneapolis ştatında ağdərili polis zabiti Derek Şoven qaradərili Corc Floydu niyə faktiki olaraq, qətlə yetirdi?

Hadisənin videogörüntülərinə dəfələrlə baxdım. Və hər dəfə də təfərrüatlarda gizlənmiş iblis sözünü deyirdi. Sanki real zamanda çəkilən iyrənc irqçi, Ku-Kluks-Klan filmini seyr edirdim.

Corc Floydun ölümü ABŞ-da artıq adi hala dönmüş irqçiliyin daha bir təzahürü olacaqdı və çox az adam bundan xəbərdar olacaqdı.

Amma həmin anlarda orada olanlardan biri baş verənləri smartfonla çəkərək Facebook-da canlı translyasiya edirdi.

İndi hamımız anlayırıq ki, Derek Şoven irqçi, şovinistdir. Dizini yerə yıxdığı adamın boynuna dirəyərək onu boğan polis zabitinin özündənrazı görkəmi bunu deyir.

Və anlayırıq ki, "dünyanın ən demokratik ölkəsi" adlandırılan Birləşmiş Ştatlarda qaradərili olmaq nə deməkdir.

MBA-nın ulduzu, məşhur basketbolçu Kolin Kapernik matç zamanı ABŞ himni çalınanda diz çökmüş, "Black Lives Matters" hərəkatına dəstək verərək polislərin qaradərililərə qarşı ifrat qəddarlığına etiraz etmişdi.

Hər şeyi öz adı ilə demək gərəkdir.

Corc Floyd məhz qaradərili olduğuna görə öldürüldü. Onun həyatı ağdərili polis Derek Şoven üçün əsla əhəmiyyət kəsb etmirdi.

ABŞ-da polislərin qaradərililərə qarşı ifrat qəddar münasibətini, çoxsaylı insidentləri xatırlasaq belə, Floyd faciəsi Birləşmiş Ştatlarda irqçiliyin yeni "qara rekordu"dur.

Bıçaq sümüyə dirənib artıq.

Bax, bu səbəbdən Birləşmiş Ştatlar qəzəbdən partladı.

Bu səbəbdən şəhərlər yanır.

Bu səbəbdən küçələrdə iğtişaşlardır.

Qarətləri, xaosu, zorakılığı, qanunsuzluğu qətiyyətlə pisləyirəm.

Rüsvayçılıqdır, yanlışdır, intihardır.

Martin Lüter Kinqi xatırladım: "Nifrət nifrət, zorakılıq zorakılıq doğur. Qətiyyət isə daha böyük dəyanət yaradır".

Fəqət, küçələrə çıxıb etiraz edənləri anlayıram.

Çünki Corc Floydun göz qabağında can verdiyini görərək baş bulamaq, bunun dəhşətli və yolverilməz olay olduğunu söyləmək, sonra qarətçilərdən və etirazçılardan danışmaq, sonra da adi həyata davam etmək yetərli deyil.

ABŞ üçün qəflət yuxusundan ayılma anlarıdır.

Dünya koronavirus pandemiyasından qurtulmağın yollarını arayır.

Adətən, belə böhran vəziyyətlərdə ABŞ lider rolunu oynayırdı.

Lakin indi ABŞ ağır böhrandadır.

COVİD-19-dan ölən 100 min insan, 40 milyon işsiz, iflic olmuş iqtisadiyyat və 1968-ci ildə Martin Lüter Kinq güllələndəndən bəri ən ağır, ən pis iğtişaşlar.

Elçin Alıoğlu


Etiketlər:  Nifrətdən alov doğdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ