Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2019 12:15
Bakı. Trend:
Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalarla onun əvvəllər məhkum olunmuş rayon sakini, 35 yaşlı Elxan Xəlilov olduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, E.Xəlilov may və iyun aylarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan elektrik naqilləri, kombi aparatı, televizor, təsərrüfat malları və digər məişətdə istifadə olunan avadanlıqları oğurlayıb. Oğurluq nəticəsində əldə etdiyi əşyaların bir qismini tanışı, əvvəllər məhkum olunmuş Ramin Əhmədovun köməyi ilə satan saxlanılan şəxs, satışdan əldə etdiyi puldan 20 manatı ona verdiyini bildirib.
Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Həmin şəxsin başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin