Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mütəxəssislər ''gələcəyin maskası'' üzərində işləyirlər

Mütəxəssislər ''gələcəyin maskası'' üzərində işləyirlər

Tarix: 12 Iyun 2020 19:42

İsveçrə hökuməti yüksək texnologiyalar əsasında hazırlanan "ReMask" adlı layihə üçün iki milyon İsveçrə frankı həcmində vəsait ayırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, koronavirus pandemiyasından öncə tibbi maskalar istehsal edilməyən İsveçrədə olduqca iddialı layihəyə start verilib. İsveçrənin "Innosuisse" İnnovasiyaların Dəstəklənməsi Agentliyinin təmsilçisi Tom Russi İsveçrə Teleradiosuna (SRF) verdiyi müsahibədə bildirib ki, innovativ layihə pandemiyaya qarşı mübarizə üçün həyata keçirilsə də, əsas məqsəd müasir texnologiyalar əsasında hazırlanan maskaların gələcəkdə də tibbi və kütləvi istifadəyə xidmət etməsidir. Bunun üçün tekstil və tibbi texnika sənayesində yeni ixtisaslaşmış sahənin yaradılması günün tələbinə çevrilib.

Qırxadək şirkət, elmi araşdırma mərkəzi, universitet və laboratoriyanın daxil olduğu layihə çərçivəsində təkrar istifadəyə yararlı, bayır hissəsi antiviral təbəqədən təşkil olunan, həm tibbi, həm də kütləvi istifadəsi mümkün olan materiallar üzərində tədqiqatlar aparılır. Əsas hədəf isə bakteriya və virusları içəri buraxmayan, eyni zamanda isə ağız buxarının rahat şəkildə çıxmasına və istifadəçinin rahatlığına xidmət edən materialı müəyyən etməkdir. Gələcəkdə baş verə biləcək pandemiyalarda insanların maskalardan uzunmüddətli istifadəsini nəzərə alaraq, "gələcəyin maskası" ondan istifadə edən şəxs üçün maksimal rahat olmalı, eyni zamanda bioloji cəhətdən təmiz materiallardan təşkil olunmalıdır.

İsveçrə şirkətlərindən biri artıq ilk prototipi təqdim edib. Antiviral və antibakterial üst təbəqədən ibarət maskalar su və yağları daxilə buraxmır. Şirkətin rəhbəri Paskal Eqqmann bildirib ki, hazırda bu maskaların bir neçə istiqamət üzrə (yayda nəfəs alarkən havanı sərinləşdirmək, müxtəlif aromatik qoxulardan istifadə və s.) variantları hazırlanır.

Milli.Az


Etiketlər:  Mütəxəssislər gələcəyin maskası üzərində işləyirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ