Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Komitəsi: Qadın sahibkarlığının stimullaşdırılması məqsədilə tədbirlər gücləndirilməlidir

Dövlət Komitəsi: Qadın sahibkarlığının stimullaşdırılması məqsədilə tədbirlər gücləndirilməlidir

Tarix: 16 Iyun 2020 20:51

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qadın sahibkarlığının inkişafı və stimullaşdırılması məqsədilə regionlarda qadın sahibkarlara biznesin formalaşdırılmasında və idarə olunmasında dəstəyin göstərilməsi ilə bağlı tədbirlər gücləndirilməlidir.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya deyib.

Onun sözlərinə görə, qadınların səlahiyyətləndirilməsi istiqamətində ən vacib məsələlərdən biri onların iqtisadi asılılığının azaldılmasıdır.

S.Talışinskaya qeyd edib ki, qadınların, xüsusilə kənd qadınlarının biznes sahəsində biliklərinin məhdudluğu, onlar üçün bu sahədə informasiyanın əlçatan olmaması, maliyyə, infrastruktur çətinliklərinin olması əsas problemlərdəndir.

Komitə rəsmisi qeyd edib ki, 2011-ci ildən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirilir. Layihənin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirakı, sahibkarlıq fəaliyyəti və məşğulluğu üçün iqtisadi imkan və bacarıqlarının artırılmasıdır. Layihə çərçivəsində Biləsuvar, Salyan, Sabirabad, Neftçala, Masallı, Zaqatala, Qusar, Xaçmaz, Bakı şəhəri Xəzər rayonlarında olmaqla 2011-2019-ci illərdə 9 Qadın Resurs Mərkəzi açılıb. Bu mərkəzlərin məqsədi ölkəboyu kənd və rayon qəsəbələrində yaşayan iqtisadi baxımdan aktiv qadınlar arasında şəbəkənin yaradılmasına dəstək göstərmək və kənd qadınlarının işgüzar və sosial imkanlarının artırılmasıdır.

S.Talışinskaya bildirib ki, Qadın Resurs Mərkəzləri məsləhətləşmə, mentorluq, şəbəkələşmə, gücləndirmə, təhlükəsiz məkan, yaxşı ünsiyyət və təbliğat daxil olmaqla, qadınlara geniş xidmət göstərən texniki qurum kimi fəaliyyət göstərir.

Onun sözlərinə görə, aparılan işin nəticəsində bu gün artıq 265 qadın şəxsi biznesini yaradıb. Bütövlükdə Mərkəzlər vasitəsilə 6500-dən çox üzvü olan güclü qadın şəbəkəsi yaradılıb.


Etiketlər:  Dövlət Komitəsi Qadın sahibkarlığının stimullaşdırılması məqsədilə tədbirlər gücləndirilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ