Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 06:30
Karantin rejimi yumşaldıqdan sonra koronavirusa yoluxma sayının artımı müşahidə edildi. Yoluxma, virusla xəstələnmə sayının artması daha ciddi karantin rejimi tədbirlərinin tətbiqini zəruri etdi. Nəticədə Nazirlər Kabineti iyunun 21-dən iyulun 5-dək bir neçə şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi haqqında qərar qəbul etdi. İkihəftəlik sərtləşdirilmiş karantin rejiminin tətbiqində məqsəd xəstəliyin geniş yayılmasının qarşısını almaqdır.
Sonxeber.net bildirir ki, bunu AZƏRTAC-a müsahibəsində həkim-infeksionist Nigar Nağıyeva deyib.
Həkim-infeksionist bildirib ki, virus insandan-insana çox asanlıqla keçir: "Problem xəstəliyin ağır formada gedişatında deyil. Bir çox xəstələr xəstəliyi orta-ağır və yüngül formada keçirirlər. Problem infeksiyanın yüksək sürətlə yayılmasındadır. Sutka ərzində xəstələnmə sayının sürətlə artması səhiyyənin yüklənməsinə səbəb olur. Yoluxanların sayı artdıqca yanaşı xəstəliyi olan risk qrupuna daxil edilənlər, yaşlılar üçün təhlükə çoxalır. Həmçinin süni tənəffüs aparatına ehtiyacı olan ağır xəstələrin sayı da artır. İki həftəlik ciddi karantin rejimində infeksiyaya yolxumanın, onun yayılmasının qarşısının alınması, həyata keçirilən tədbirlərin daha çox effekt verməsi üçün hər kəs əlindən gələni əsirgəməməlidir. Həkimlər, tibb işçiləri üzərlərinə düşən vəzifəni var-qüvvələri ilə yerinə yetirirlər. Vətəndaşları isə özlərini, yaxınlarını düşünərək maksimal dərəcədə anlayışlı olmaları, qoyulan tələblərə, verilən tövsiyələrə etinasız yanaşmamaları, bəsit gigiyenik qaydalara riayət etmələri, maska taxmaları, sosial məsafəni saxlamaları, ehtiyac olmadıqda evdən çıxmamaları ilə yoluxma zəncirini qırmağa kömək etməyə və virusa birgə qalib gəlməyə səsləyirəm".