Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 19:03
Bakı. Trend:
Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında qərarı təsdiqləyib.
Trend-in məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları” təsdiq edilir.
Bu Qərar 2020/2021-ci tədris ilindən tətbiq edilir.
Qərarda qeyd edilir ki, bu normalar “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.8-ci maddəsinə uyğun olaraq sinif otağının bir şagird üçün müəyyən edilmiş sahə normativi nəzərə alınmaqla hazırlanmışdır.
Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları aşağıdakı kimi müəyyən edilir:
- Dövlət ümumi təhsil müəssisəsində ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir.
- Dövlət ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, sinif mövcud şagird sayı ilə təşkil (bu Normaların 4-cü hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla) edilir.
- İbtidai təhsil səviyyəsinin bir sinfində şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif ibtidai təhsil səviyyəsinin şagird sayı 10 nəfərdən az olan digər bir sinfi ilə birləşdirilərək komplekt siniflər təşkil olunur. Komplekt siniflər şagird sayı 18 nəfərdən çox olmamaqla təşkil edilir.
- Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.
- Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu Normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir.
- Tədris ilinin birinci yarısında sinifdə şagirdlərin sayının azalması tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində sinfin iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.
- Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.