Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 18:32
Bakı. Trend:
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova tərəfindən 15 iyun - Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, müvəkkilin Gəncə Regional Mərkəzi Daşkəsən rayonu Heydər Əliyev mərkəzində, Cəlilabad Regional Mərkəzi Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində, Şəki Regional Mərkəzi Mingəçevir şəhərində, Oğuz rayonunda və Şəkidəki 20 saylı tam orta məktəbdə, Quba Regional Mərkəzi isə öz ofisində Milli Qurtuluş Günü ilə bağlı tədbirlər keçiriblər.
Tədbirlərdə dövlət qurumlarının məsul əməkdaşları, yerli icra və bələdiyyə orqanlarının, QHT-lərin nümayəndələri, çoxsaylı fəal gənclər, müəllim və şagirdlər, geniş ictimaiyyət iştirak edib.
Adı çəkilən regional mərkəzlərin rəhbərləri ilk olaraq tədbir iştirakçılarını Ombudsmanın adından salamlayaraq onları 15 iyun - Milli Qurtuluş Günü və qarşıdan gələn 18 iyun - İnsan Hüquqları Günü münasibəti ilə təbrik edib, xoş arzularını çatdırıblar.
Milli Qurtuluş Gününün tarixi, Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsində və inkişaf etdirilməsində gördüyü işlər, o cümlədən ölkəmizdə insan hüquqlarının təsbiti və təmini sahəsində atdığı qəti addımlar, imzaladığı strateji dövlət proqramları barədə məlumat verilib. Bildirilib ki, 15 iyun 1993-cü il tarixindən sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyası ilə həyata keçirdiyi tədbirlər nəticəsində dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regional və dünya miqyasında Azərbaycanın nüfuzu ildən-ilə daha da artır, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün strateji sahələrdə olduğu kimi, dövlət idarəçiliyində, insan hüquqlarının müdafiəsində, məhkəmə-hüquq və başqa islahatların dərinləşdirilməsində yeni innovativ yanaşmaların tətbiqi genişlənir. Azərbaycan bir çox ölkələrə öz təcrübəsi ilə örnək kimi tanınır.
Ombudsmanın insan hüquqlarının təmini və müdafiəsində rolu, çoxşaxəli fəaliyyəti, bu sahədə dövlət qurumları, QHT və KİV-lər, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı, hüquqi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib.
Sonda mövzu ilə bağlı səmərəli müzakirələr aparılıb və iştirakçıların sualları ətraflı cavablandırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin