Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Perspektivsiz müharibə Azərbaycana yox, Ermənistana lazımdır''

''Perspektivsiz müharibə Azərbaycana yox, Ermənistana lazımdır''

Tarix: 15 Iyul 2020 18:15

"Ermənistanın Azərbaycanın dövlət sərhəddinə hücumunda "kazus beli nədir?!" sualı üzərində düşünərkən buna bir sıra səbəb və bəhanələrin olduğunu görürük".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, dünya birliyi tərəfindən tanınmış ərazisində həyata keçirdiyi əməliyyat Azərbaycanın beynəlxalq hüquqda təsbit olunmuş haqqıdır:

"Ermənistanın növbəti təcavüzünə əsas səbəblər pandemiyanın yaratdığı problemlərdən diqqəti yayındırmaq, Paşinyan hakimiyyəti ilə Qarabağ klanı və oliqarxlar arasında qarşılıqlı revanş və s. olması şübhəsizdir. Ermənistan bu savaşa birinci başladı, çünki Qarabağdan kənarda, ələlxüsus iki ölkənin dövlət sərhədində perspektivsiz müharibə Azərbaycana yox, Ermənistana daha çox lazımdır. Azərbaycan savaşa başlasa bunu işğal olunmuş ərazilərdə etməlidir ki, ərazilərini azad etsin. Dünya birliyi tərəfindən tanınmış ərazisində həyata keçirdiyi əməliyyat Azərbaycanın beynəlxalq hüquqda təsbit olunmuş haqqıdır. Lakin Ermənistanın dövlət sərhədlərinə hücum edən Azərbaycan bir addım belə sərhədi keçsəydi, dərhal Ermənistan bütün dünyanı ayağa qaldırıb Azərbaycanı təcavüzkarlıqda ittiham edəcəkdi. Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Azərbaycanla üz-üzə qoyardı. Elə prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının təcili toplantısında vurğuladığı "üçüncü tərəf" məhz KTMT-dir. Lakin təşkilat Ermənistanın bütün ümidlərini puç edərək Azərbaycanı qınayan hər hansı bir addım atmayıb. Köçəryan, Sarkisyan, Tsarukyan və bütün Rusiyanın Ermənistandakı 5-ci kolonu pandemiya başa çatan kimi ölkədə sosial islahata başlamaq istəyən Paşinyana bu fürsəti verməmək üçün KTMT adı altında rus qoşunlarının Ermənistanla Azərbaycanın sərhədinə toplaşmasına rəvac vermək istəyirlər. Paşinyanın reytinqi koronavirusa görə azalıb, belə bir şəraitdə əhalinin dəstəyinin az olması ona rus qoşunlarının gəlməsinə müqavimət göstərmək imkanı verməyəcək. Bir tərəfdən Türkiyə ilə sərhəddə Gümrüdəki 102-ci baza, digər tərəfdən Azərbaycanla sərhəddəki KTMT qoşunları Ermənistanı buterbrod kimi hər iki tərəfdən sıxacaq və Paşinyan daha çox təzyiqi öz üzərində hiss edərək, siyasi rəqiblərinə amansız olmaqdan çəkinəcək. Ya Qarabağ klanı hakimiyyəti qaytaracaq, ya da Paşinyan sona qədər gedib Ermənistandakı 5-ci kolonu məhv edəcək. Paşinyan açıq şəkildə deyib ki, Ermənistanın daima bir dövlət, sivilizasiya kimi yaşaması üçün oliqarxiyanı qurban vermək lazımdır. Paşinyan oliqarxlarla savaşmaqda qəti qərarlıdır və bu, öz çirkli pullarını - milyardlarını başqa dövlətlərin icazəsilə yığmış erməni oliqarxiyası üçün böyük təhdiddir. Azərbaycan qarşısında erməni ordusunun məğlub olmasını, ölkədə panika yaranmasını, nəhayət bütün bunların Paşinyanın devrilməsi ilə nəticələnməsini istəyirlər".

Xanım politoloq qeyd edib ki, Köçəryan 4 milyon dollar girov qarşılığında azadlığa buraxılıb və nə qədər fürsət varkən bundan istifadə edib onu həbsə atdıran Paşinyanın üzərinə KTMT ordusunun gəlməsini istəyir:

"KTMT-nin Azərbaycanla sərhəddəki qanlı toqquşmaya görə Ermənistanın çağırışı ilə təcili toplantı keçirməməsi qeyd etdiyimiz kimi Ermənistanla təşkilat arasında yaranmış çatları daha da dərinləşdirə bilər. Paşinyan zatən savaş başlamazdan bir neçə gün öncə Rusiyanı aşağılayan fikirlər səsləndirərək demişdi ki, "Biz ermənilərin patriarxı Hayka, dövlətçiliyimiz isə çar Artaşesə gedib-çıxır, hansı ki, hələ çox qədimlərdə erməni mədəniyyəti, sivilizasiyası yaradıb, Pyotr isə sadəcə, Avropadan ruslar üçün mədəniyyət idxal edib". Bununla Paşinyan demək istəyib ki, ermənilər ruslardan dövlətçilik və mədəniyyət baxımdan daha qədim xalqdır, Rusiyanın bizə böyüklük etməyə haqqı yoxdur. Paşinyan tərəfdarları iddia edir ki, həbs olunmuş oliqarx Tsarukyan, onun biznes şərikləri, keçmiş prezidentlər Köçəryan, Sarkisyan kimilər Rusiyanın Ermənistandakı 5-ci kolonudur. Onlar Rusiyanı Ermənistana müdaxilə etməyə çağırırlar, ancaq onlar unudurlar ki, Rusiya 5-ci kolonu axıradək himayə etmir. Buna misal, 1920-ci ildə Ermənistanı işğal edən Rusiya 1937-ci ildə satqın bolşevik erməniləri güllələdi, yalnız Mikoyan xilas ola bildi. Hazırda Ermənistanda 5-ci kolonun, xüsusilə də, onun maliyyə qanadı olan oliqarxokratiyanın demontajı gedir. Köçəryan 4 milyon dollar girov qarşılığında azadlığa buraxılıb və nə qədər fürsət var ikən bundan istifadə edib onu həbsə atdıran Paşinyanın üzərinə KTMT ordusunun gəlməsini istəyir. Bu, Qarabağ klanının əsas planıdır. Qarabağ klanının nəzarəti altında olan Ermənistan ordusunun  Azərbaycanla təxribat yaratması buna hesablanıb. Rusiyadan uzaqlaşmaq istəyən Paşinyanın planlarını pozmaq üçün KTMT-ni Ermənistan Azərbaycan sərhədlərinə gətirib vəziyyəti gərginləşdirmək məqsədi güdürdü.

Dünənki aksiya da Azərbaycan xalqının öz ordusuna, onun Ali baş komandanına olan dəstəyinin çox parlaq bir nümayişi oldu. Azərbaycan xalqı bir daha sübut etdi ki, o, düşmənə qarşı hər an əlində silah alıb vuruşmağa, öz torpaqlarını geri qaytarmağa hazırdır. Ermənistanın xain planları Azərbaycanı və onun mərd xaqlını əsla öz yolundan döndərə bilməz, xalq Ali Baş Komandanın səfərbərlik əmrini gözləyir".

Təhməz Təkin


Etiketlər:  Perspektivsiz müharibə Azərbaycana Ermənistana lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ