Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 16:51
"Azərbaycanda radikal siyasətin başında Əli Kərimli dayanır. Əli Kərimlinin hər zaman Azərbaycanın milli maraqlarına qarşı çıxması, fürsətçilik etməsi, istənilən sütuasiyada ölkədə süni sosial gərginlik yaratması dəfələrlə sübut olunub. Yəni, bu onun siyasətinin əsas tərkib hissəsidir".
Bunu Sonxeber.net-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
Sədr müavini bildirib ki, AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov Gənclər komitəsinin sədri Emil Səlimov və digər Rəyasət Heyətinin üzvləri arasındakı bir-birinə qarşı aqressiv münasibətlərin səbəbkarı Əli Kərimlidir:
"Azərbaycanda 5-ci kolonun missiyasını canla-başla icra edən Əli Kərimlidir, "Milli Şura"dır və onun tərkibində olan bir qrup şəxslər - Gültəkin Hacıbəyli, Cəmil Həsənli, İrana meyilli qüvvələr Taleh Bağırzadə və s. Bunlar təəccüblü görünməməlidir.
AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov Gənclər komitəsinin sədri Emil Səlimovla yola getmirlər və bir-birinə qarşı aqressiv münasibətləri var. Bunların əsas səbəbi məhz Əli Kərimlidir, onun idarəçilik bacarığının aşağı olmasıdır. Gənclər komitəsində bu cür neqativ hallar, bir-birinə qarşı nifrət, qəzəbin məsuliyyətini birbaşa rəhbər daşıyır. Belə hallar onun yarıtmaz idarəçilik anlayışından irəli gəlir. Ümumiyyətlə, Əli Kərimli hər zaman daxili konfiliklərə meyilli olub. O, zamanında öz sədri Əbülfəz Elçibəyə xəyanət edib, ən yaxın silahdaşlarına, tələbə yoldaşlarına xəyanət edib. Kim qalıb Əli Kərimlinin yanında?! Əli Kərimlinin yanında sözün həqiqi mənasında bu gün uşaq-muşaqdır".
O qeyd edib ki, Əli Kərimli yalnız Əliheydər Qarayevlə müqayisə oluna bilər:
"Bir məqamı deyim sizə, çox maraqlı bir faktdır. Əbülfəz Elçibəyin rəhbərlik etdiyi partiyanın rəyasət heyətinin 19 nəfər üzvündən bir nəfər qalıb, o da Əli Kərimlinin özüdür. Hamı uzaqlaşıb, onların hər biri bu gün ölkənin ayrı-ayrılıqda tanınmış siyasətçiləridir. Bir nəfər də Əli Kərimlinin yanında qalmayıb. Onun ətrafında olan o 3-5 nəfər 20-25 yaşında siyasətdə naşı olan, siyasi-təfəkkürü, təcrübəsi olmayan bir qrup aldadılmış insanlardır.
O dövrdə də Əli Kərimli bu cür konfiliktlərlə Elçibəyə xəyanət etdi. O, xəyanətlə tarixə bir qara ləkə kimi düşüb və o, heç vaxt o ləkəni silə bilməyəcək. Çox təəssüf ki, 1918-1920-ci illərdə Demokratik Azərbaycanın dövlət qurucusu M.Ə.Rəsulzadə ilə çox absurd şəkildə müqayisə olunur. O adam tarixdə Əliheydər Qarayev kimi (1920-ci ildə Rusiyaya müraciət edib ki, rus qoşunları Azərbaycana gəlsin) qalacaq, öz liderinə xəyanət etmiş, dövlətinə xəyanət etmiş şəxs kimi. Əli Kərimli yalnız Əliheydər Qarayevlə müqayisə oluna bilər. 2013-cü ildə isə Əli Kərimli Rusiya rahbərliyinə müraciət edib ki, ölkəmizdə Rüstəm İbrahimbəyovun prezident seçilməsinə kömək etsin, dayaq olsun. Əli Kərimli bu imdadı Rusiyadan umub, "Milli Şura"nın Rusiyaya etdiyi müraciətin altında Əli Kərimlinin imzası var. Bu, dövlətə, millətə olunan xəyanətdir. O da tarixdə qaldı və tarixçilər onu 100 il sonra da xəyanətkar kimi ortaya çıxarmış olacaqlar".
Təhməz Təkin